Həddi aşmaq haqda
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: خَرَجَ النَّبِيُّ ﷺ عَلَى رَهْطٍ مِنْ أَصْحَابِهِ يَضْحَكُونَ وَيَتَحَدَّثُونَ، فَقَالَ: وَالَّذِي نَفْسِي بِيَدِهِ، لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا، وَلَبَكَيْتُمْ كَثِيرًا، ثُمَّ انْصَرَفَ وَأَبْكَى الْقَوْمَ، وَأَوْحَى اللَّهُ عز و جل إِلَيْهِ: يَا مُحَمَّدُ، لِمَ تُقَنِّطُ عِبَادِي؟، فَرَجَعَ النَّبِيُّ ﷺ فَقَالَ: أَبْشِرُوا، وَسَدِّدُوا، وَقَارِبُوا.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki,[1] (bir dəfə) Peyğəmbərin - salləllahu aleyhi və səlləm - səhabələrindən bir qismi gülüb-danışarkən, o, səhabələrinin yanına gəlib dedi: “Canım Əlində olan Allaha and olsun ki, əgər siz mənim bildiklərimi[2] bilsəydiniz, az gülüb çox ağlayardınız.” O, çıxıb getdikdən sonra səhabələr ağladı. Uca Allah isə ona belə vəhy etdi: “Ey Muhəmməd! Nə üçün qullarımı ruhdan salırsan?”[3] Peyğəmbər - salləllahu aleyhi və səlləm - geri dönüb dedi: “(Qazandığınız savaba) sevinin, doğru yol tutun[4] və (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona) yaxınlaşın[5]”.[6]
[1] Bu hədisi Beyhəqi “Şoəbul-İman” əsərində (2/22/1058) rəvayət etmiş və Muhəmməd Nasirəddin əl-Albani “Səhih əl-Ədəbul-Mufrad” əsərində onun “səhih” olduğunu demişdir.
[2] Burada Peyğəmbər ﷺ Qiyamət günü baş verəcək dəhşətləri və Cəhənnəmdəki əzabı qəsd edir. Bu xəbərdarlıq isə insanı Allaha daha çox ibadət etməyə təşviq edir. Digər hədisdə deyilir ki, Peyğəmbər ﷺ bunu deyəndə səhabələr üzlərini tutub inilti ilə ağlamağa başladılar (Səhih əl-Buxari, 4621).
[3] Bu, dəlildir ki, insanları Allahın yoluna dəvət edən adam onları həm Allahın əzabı ilə qorxutmalı, həm də Onun mərhəməti ilə müjdələməlidir. Belə ki, mömin adam Allaha təkcə qorxu ilə yox, həm də ümidlə ibadət etməlidir. Bu xüsusda, Uca Allah belə buyurur: “Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər” (əs-Səcdə, 16). Bir çox alimlər ibadətdə olan qorxu və ümidi göydə uçan quşun qanadlarına bənzətmiş, ibadətin Sünnəyə müvafiq olması üçün bunların hər ikisinin eyni səviyyədə olmasını tövsiyə etmişlər. Belə ki, ümid qorxudan çox olduğu təqdirdə adam arxayınlaşır, Allahın əzabı yadına düşmür və bu da onu Allahın mərhəmətinə ümid edərək, günah işlər görməyə təhrik edir. Qorxu ümiddən çox olduqda isə adam Allahın mərhəmətindən ümidini kəsir. Bunların birinin digərindən çox olması böyük günahlara aid edilir. Demək, bunları cəm etmək vacibdir. Uca Allah buyurur: “Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır” (əl-Hicr, 49-50).
[4] Burada “doğru yol” deyildikdə, Peyğəmbərin ﷺ yolu nəzərdə tutulur. Ərəbcə buna “Sünnə” deyilir. Yəni, Muhəmməd Peyğəmbərin ﷺ dediyi sözlər, etdiyi əməllər və təsdiq etdiyi sözlər və əməllər.
[5] Yəni Sünnəyə tam şəkildə riayət edə bilməsəniz, heç olmasa, buna yaxınlaşın. Peyğəmbərin ﷺ izarının ətəyini buna misal çəkmək olar. Onun izarının ətəyi baldırının yarısına çatırmış. Demək, libasın ətəyini baldırın yarısına qədər qaldırmaq Sünnədir. Lakin bunu bacarmayan adam, heç olmasa buna yaxınlaşmalı, yəni libasının ətəyini baldırın yarısına qədər qaldırmasa da, onu topuğundan aşağı salıb Sünnəyə müxalif hərəkət etməməlidir. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Üç qism insan vardır ki, Qiyamət günü Allah onları danışdırmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Üstəlik, onları üzücü əzab gözləyir.” Əbu Zərr (Allah ondan razı olsun) dedi: “Peyğəmbər ﷺ buna dəlalət edən ayəni (“Ali-İmran” surəsinin 77-ci ayəsini) üç dəfə təkrar oxudu. Mən dedim: “Onların ümidləri boşa çıxdı, özləri də ziyana uğradılar. Kimlərdir onlar, ya Rəsulullah?” Peyğəmbər ﷺ buyurdu: “Libasının ətəyini topuqdan aşağı uzadan, verdiyini başa qaxan və yalandan and içməklə malını satan kimsələr” (Səhih Muslim, 293); başqa bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Paltarın topuqdan aşağı düşən hissəsinə görə bu topuqlar Cəhənnəm odunda yanacaqdır” (Səhih əl-Buxari, 5787). Xüsusilə qeyd edək ki, bu hökm yalnız kişilərə aiddir.
[6] əl-Buxari “Ədəbul-Mufrad” 254. əl-Albani səhih demişdir.