Orucluq gecələrinin asanlaşdırılması - əl-Bəqərə surəsi 187 - ci ayə
“Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlarıdır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar”
عَنِ الْبَرَاءِ - رضى الله عنه - قَالَ كَانَ أَصْحَابُ مُحَمَّدٍ - صلى الله عليه وسلم - إِذَا كَانَ الرَّجُلُ صَائِمًا ، فَحَضَرَ الإِفْطَارُ ، فَنَامَ قَبْلَ أَنْ يُفْطِرَ لَمْ يَأْكُلْ لَيْلَتَهُ وَلاَ يَوْمَهُ ، حَتَّى يُمْسِىَ ، وَإِنَّ قَيْسَ بْنَ صِرْمَةَ الأَنْصَارِىَّ كَانَ صَائِمًا ، فَلَمَّا حَضَرَ الإِفْطَارُ أَتَى امْرَأَتَهُ ، فَقَالَ لَهَا أَعِنْدَكِ طَعَامٌ قَالَتْ لاَ وَلَكِنْ أَنْطَلِقُ ، فَأَطْلُبُ لَكَ . وَكَانَ يَوْمَهُ يَعْمَلُ ، فَغَلَبَتْهُ عَيْنَاهُ ، فَجَاءَتْهُ امْرَأَتُهُ ، فَلَمَّا رَأَتْهُ قَالَتْ خَيْبَةً لَكَ . فَلَمَّا انْتَصَفَ النَّهَارُ غُشِىَ عَلَيْهِ ، فَذُكِرَ ذَلِكَ لِلنَّبِىِّ - صلى الله عليه وسلم - فَنَزَلَتْ هَذِهِ الآيَةُ {أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَائِكُمْ} فَفَرِحُوا بِهَا فَرَحًا شَدِيدًا ، وَنَزَلَتْ {َكُلُوا وَاشْرَبُوا حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ} .
Rəvayət edilir ki, Bəra (Allah ondan razı olsun) demişdir: “Muhəmmədin - salləllahu aleyhi və səlləm - əshabələri oruc tutduqları zaman iftar etməmiş yatsaydılar, sonradan bütün gecəni və növbəti günü axşam düşənədək yemək yeməzdilər. Bir dəfə Qeys ibn Sirmə əl-Ənsari oruc tutmuşdu. Nəhayət, iftar vaxtı yetişdikdə zövcəsinin yanına gəlib ondan: “Yeməyə bir şey varmı?”– deyə soruşdu. Zövcəsi: “Yoxdur, amma bu dəqiqə gedib sənin üçün bir şey hazırlayaram”– dedi. Qeys gün ərzində çox işlədiyindən dözə bilməyib yuxuya getdi. Zövcəsi gəlib onu bu halda görəndə: “Sən ziyana uğradın”– dedi. Nəhayət, günorta olduqda Qeys huşunu itirdi. Sonra bu haqda Peyğəmbərə - salləllahu aleyhi və səlləm - xəbər verdilər və bu ayə nazil oldu: “Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq etməklə) özünüzə xəyanət edirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq (bu gündən) onlara yaxınlaşın və Allahın sizin üçün (əzəldən) müəyyən etdiyinə nail olmağa çalışın...”. (əl-Bəqərə, 187). Müsəlmanlar bu ayənin nazil olduğuna çox sevindilər. (Sonra) bu ayə nazil oldu: “...Dan yeri söküləndə ağ sap qara sapdan (şəfəq gecənin qaranlığından) seçilənə qədər yeyin için”. (əl-Bəqərə, 187)”.
əl-Buxari, 1782, 1915; ən-Nəsai, 2168, 2180; Əhməd, 18634; əd-Dərimi, 1693; Əbu Davud, 2316.
عَنْ أَبِي إِسْحَاقَ قَالَ : سَمِعْتُ الْبَرَاءَ ، رَضِيَ اللَّهُ عَنْهُ ، لَمَّا نَزَلَ صَوْمُ رَمَضَانَ كَانُوا لاَ يَقْرَبُونَ النِّسَاءَ رَمَضَانَ كُلَّهُ ، وَكَانَ رِجَالٌ يَخُونُونَ أَنْفُسَهُمْ فَأَنْزَلَ اللَّهُ : {عَلِمَ اللَّهُ أَنَّكُمْ كُنْتُمْ تَخْتَانُونَ أَنْفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنْكُمْ}.
Rəvayət edilir ki, Əbu İshaq demişdir: “Bəranın belə dediyini eşitdim: “Oruc ayəsi nazil olduqda onlar bütün Ramazan ayını qadınları ilə yaxınlıq etməzdilər. Onlardan bəziləri isə nəfslərinə xəyanət edirdilər və Uca Allah bu ayəni nazil etdi: “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah öz nəfsinizə xəyanət edəcəyinizi bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için”. (əl-Bəqərə, 187)”.
əl-Buxari, 1800, 4508. Şeyx Muqbil demişdir: “Bu iki rəvayətdən bizə aydın olur ki, ayə hər iki səbəbə görə nazil olmuşdur”. (Səhihul-Musnəd min Əsbabun-Nuzul).