İnsan bu dünyada qəribdir
İnsan bu dünyada qəribdir, çünki onun əsl vətəni Cənnətdir. O Cənnət ki, Allah atamız Adəmi oradan bu dünyaya endirmişdir. Həmçinin, insan bu dünyada müsafirdir. Çünki, bu dünya müvəqqəti, Axirət isə əbədi məskəndir. Müsafir yola çıxdıqda özü ilə ona lazım olan azuqəni götürür. Odur ki, müvəqqəti məskəninizdən əbədi məskəniniz üçün tədarük edin.
“Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).
Abdullah ibn Ömər demişdir: “Bir dəfə Peyğəmbər salləllahu aleyhi və səlləm mənim çiynimdən tutub dedi: “Dünyada qərib, yaxud müsafir kimi ol!” (Hədisi danışan ravilərdən biri) demişdir: “İbn Ömər deyərdi: “Axşama çıxdığın zaman səhəri gözləmə, səhərə çıxdığın zaman da axşamı gözləmə! Sağlamlığından xəstəliyin üçün və həyatından vəfatın üçün tədarük et!” (əl-Buxari, 6416).