Müsəlman qeyri-müsəlman həkimə müraciət edə bilərmi?
Aleykum salam. Əlbəttə, müalicə ala bilər. Çünki, bunun qadağan olunması ilə bağlı şəriətdə heç bir dəlil yoxdur. Ümumiyyətlə müalicə olunmaq haqda isə Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) demişdir: "Uca Allah elə bir xəstəlik endirməyib ki, onun dərmanını da endirməsin". (Muslim "Salam". 69, №: 2204; İmam Əhməd "Musnəd", 3/335).
Usamə ibn Şureyk (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında olarkən ərəblər gələrək Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dedilər: "Ey Allahın Rəsulu, müalicə alaqmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bəli. Ey Allahın qulları, müalicə alın. Həqiqətən Allah elə bir xəstəlik göndərməyib ki, onun şəfasını da göndərməsin. Yalnız bir xəstəlikdən başqa". Səhabələr (Allah onlardan razı olsun) onun nə olduğunu soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "ölüm" - deyə buyurdu". Başqa bir isə rəvayətdə belə demişdir: "Müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır". (Əbu Davud "Tibb" 1; ət-Tirmizi "Tibb", 2; İbn Məcəh "Tibb", 1).