Xalq arasında yayılan "qılınc müsəlmanı" ifadəsi necə meydana gəlmişdir?
Və aleykum Salam. "Qılınc müsəlmanı" ifadəsi kiməsə zor tətbiq edərək qılınc gücü ilə İslamı qəbul etdirmək deməkdir. İslam sülh, əmin-amanlıq, mərhəmət dinidir. Uca Allah öz peyğəmbəri Muhəmmədə belə buyurur: "Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik". (əl-Ənbiya, 107).
"Qılınc müsəlmanı, gic müsəlman, müsəlmanın sonrakı ağlı" və buna bənzər təhqiramiz ifadələr İslam düşmənləri tərəfindən dini və müsəlmanları gözdən salmaq üçün xalq arasında yayılmışdır. İslam dini insanları zorla yox, gözəl şəkildə İslama dəvət etməyi buyurur:
"İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl şəkildə mübahisə et". (ən-Nəhl, 125).
Habelə, əgər tarixi mənbələrə nəzər salsaq, Çin, İndoneziya, Malayziya, Hindistan və s. ölkələrdə İslamın qılınc gücünə yayılmadığını görərik. Həmin ölkələrə səfər edən müsəlman tacirlər gözəl əxlaqları və dürüst olmaları səbəbilə yerli əhalinin İslama və müsəlmanlara olan rəğbətini qazanmışlar.
İslam fəthlərinə gəlincə, döyüş zamanı təbii ki, insan tələfatı qaçılmazdır. Lakin, başqa dinlərin nümayəndələrindən fərqli olaraq tarix boyu müsəlmanlar heç vaxt fəth etdikləri ölkələrin dinc əhalisinə zor tətbiq etməmiş və qılıncdan keçirməmişlər. İslam tarixi mənbələrinə baxdıqda, İslam xəlifəsinin ordu komandirinə "Heç bir ağacı kəsməyin, qadınlara və uşaqlara, eləcə də qocalara toxunmayın, binaları dağıtmayın" yazdığını görərik. Həmin məktublarda insanları öldürməmək və məcburən dini qəbul etdirməmək də əmr edilir. Çünki, İslamda hər hansı bir məcburiyyət, insanlara qarşı genosid, soyqırım törətmək yoxdur. Uca Allahın buyurur:
"Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir". (əl-Bəqərə, 256).
"De: Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". (əl-Kəhf, 29).
Uca Allah müsəlmanları ələ salmaq istəyən münafiqlər barəsində belə buyurur:
"Onlara: "Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!"– deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?"– deyirlər Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. Onlar möminlərlə rastlaşdıqda: "Biz iman gətirdik!"– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: "Biz sizinləyik Biz möminlərə ancaq istehza edirik!"– deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər". (əl-Bəqərə, 13-16).
Uca Allah İslamın həqiqəti bəlli olduqdan sonra İbrahimin və Muhəmmədin tövhid dinindən üz döndərənləri səfeh adlandırır:
"Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır". (əl-Bəqərə, 130).