Video oyunlar oynamaq olarmı?
Salam aleykum. İçərisində günah olmayan oyunları vacib ibadətlərdən yayınmamaq və vaxtı israf etməmək şərtilə oynamaq olar. Aşağıdakı kimi günahlara aparan oyunları oynamaq haramdır:
- Bəzən oyunlarda xaçı və ya bütləri müqəddəsləşdirmək olur. Onlar personaja əlavə güc verir və ya dirildir. İslamı alçaltmaq və ya İslama qarşı kin-küdurət oyatmaq məqsədi daşıyan oyunları da oynamaq qadağandır. Məsələn, bəzi oyunlarda Qurani-Kərimin üzərindən keçmək kimi səhnələr var. Bəzi oyunlarda isə kafirləri izzətli, müsəlmanları isə zəif göstərən səhnələr olur.
- Açıq-saçıq qadınlar, qumar və digər əxlaqa pis təsir edən oyunlar da qadağandır.
- Oyunları pul qarşılığında oynamaq da qumar sayılır və haramdır.
Bundan əlavə yuxarıda qeyd edildiyi kimi, oyunlar insanı vacib ibadətlərdən yayınmağa və vaxtın həddən artıq israf edilməsinə gətirib çıxarmamalıdır. Alimlərdən biri belə demişdir: "Vaxt qılıncdır, sən onu kəsməsən, o səni kəsəcək". Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Beş şey gəlməmişdən öncə bu beş şeyə fikir verin: Ölməmişdən əvvəl həyatınıza, xəstələnməmişdən əvvəl can sağlığınıza, məşğul olmamışdan əvvəl asudə vaxtınıza, qocalmamışdan əvvəl cavanlığınıza, kasıblamamışdan əvvəl zənginliyə". (Səhih əl-Cami əsəri, 1077).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İki nemət var ki, insanların çoxu bu ikisində aldanmışlar: can sağlığı və asudə vaxt". (əl-Buxari, 6412). Həmçinin oxuyun: Boş vaxtımın hədər getməməsi üçün nə edim?