Peyğəmbərin naməhrəm qadınların əlinə toxunması ilə bağlı hədis səhihdirmi?

    11.12.2018
Sual: 
Salam aleykum. Muhəmməd Peyğəmbərin qadınlarla əllə görüşməsi barədə hədislər barədə münasibətiniz necədir? Belə bir hədislər mövcuddurmu və bunlar səhihdirmi? "Əhmədin rəvayət etdiyi hədisdə Ənəs ibn Malikə istinadla Əli ibn Zeyd demişdir: "Mədinəli cariyələrdən biri istədiyində Peyğəmbərin yanına gəlir, əlindən tuturdu. Peyğəmbər də cariyə onu istədiyi yerə aparıb çatdırıncaya qədər əlini onun əlindən çəkmirdi" İbn Macə də hədisi bu versiyada rəvayət edib. Fitnə fəsad olmayacağı təqdirdə qadınların yaxın qohumları ilə əllə görüşməsi icazəlidirmi? Yuxarıdakı hədislər haqqında da fikrinizi bilmək istəyirdim. Başqa hədislər də var. Lakin simvol sayı az olduğundan onları yaza bilmədim.
Cavab: 
Və aleykum Salam. Zərurət olmadıqca naməhrəmlərlə əllə görüşmək haramdır. Hətta fitnə-fəsad olmayacağı təqdirdə belə yaxın naməhrəm qohumlar da olsa, yenə də əllə görüşmək icazəli deyil. Zərurət dedikdə isə tibbi və müalicə məqsədləri ilə istisna hallar nəzərdə tutulur. 
Mə'qil ibn Yəsar (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir". (ət-Tabərani, 20/212, №: 486; əl-Albani "Səhih əl-Cami" №: 4921, 5045). Buna icazə verən hədislərin isə heç biri səhih deyildir. Peyğəmbərimiz də heç vaxt naməhrəm qadınlarla əllə görüşməyib. Aişə (Allah ondan razı olsun) nəql edir ki, Mədinə dövründə beyətin şərtlərini ortaya qoyan əl-Mumtəhənə surərsinin 12-ci ayəsi nazil olduqda Peyğəmbərimiz ayədəki şərtləri qəbul edən mömin qadınlara sözlə "səninlə beyət etdim" deyirdi. Allaha and olsun ki, beyət vaxtı Onun əli heç bir qadının əlinə dəymədi. (əl-Buxari, 4891; Muslim, 1866).
Digər rəvayətdə belə demişdir: "Mən naməhrəm qadınlarla heç vaxt əllə görüşmürəm. Mənim bir qadına olan sözüm yüz qadına olan sözüm kimidir". (ən-Nəsai, 4181; İbn Məcəh, 2874; əl-Albani "Səhih əl-Cami", 2513).
Həmçinin rəvayət edilir ki, Peyğəmbər: "Mən qadınlarla əl ilə görüşmərəm" demiş, əlini bir qumaş üzərinə qoymuş, qadınlar da eyni qumaşa əllərini qoyub beyət etmişdilər". (ən-Nəsai "Beyət", 18; İbn Məcəh "Cihad", 43; İmam Malik "Muvatta", "Beyət", 2; İmam Əhməd "Musnəd", 2/213, 6/357, 454, 459).
Həmçinin digər hədisdə rəvayət edilir ki, Allah Rəsulunun əli öz xanımlarından və ona məhrəm olan qadınlardan başqa heç bir naməhrəm qadının əlinə dəyməmişdir. (əl-Buxari, 7214).
Sizin qeyd etdiyiniz hədis isə zəifdir. Lakin bu mənada bir neçə səhih hədis rəvayət olunmuşdur. Məsələn, Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Mədinə cariyələrindən olan bir qadın Peyğəmbərin yanına gələrək onun əlindən tutmuş və Peyğəmbər də onunla bərabər qadının istədiyi yerə getmişdi... (əl-Buxari, 6072). Alimlər bu hədisin izahında demişlər ki, burada nəzərdə tutulan məna Peyğəmbərin necə də gözəl və üstün bir əxlaq sahibi olmasıdır. Ümmət üçün nümunəvi şəxs olan Allah Rəsuludan Mədinə cariyələrindən olan belə bir qadın gəlib ondan ehtiyaclarını istədikdə, gözəl əxlaq göstərərək onunla bərabər durub getməsini misal olaraq qeyd etmişlər. Həmçinin alimlər demişdir ki, burada nəzərdə tutulan birbaşa öz əlini qarşısındakının əlinə toxundurmaq, qoymaq, uzatmaq mənaları deyil. Əl tutmaq sözü ərəblərdə məşhur olan bir üslubdur. Yəni kömək etmək, yardım əlini uzatmaq, yoldaşlıq naminə onunla bərabər getmək, ehtiyacını aradan qaldırmaq və s. buna bənzər mənalar nəzərdə tutulur. (İbn Həcər "Fətuhl-Bari", 10/490; Umdatul-Qari, 22/142). Xülasə, İslam alimləri heç bir zaman bu mənada gələn bir neçə hədisi Allah Rəsulunun əlinin naməhrəm qadının əlinə toxunması kimi izah etməmişdirlər.
Teqlər: 
Paylaş: