Ölü üçün qəbirdə vaxt necə keçir?

    22.11.2018
Kimdən: 
Abdullah
Sual: 
Assalamu aleykum. Qəbirdə olan ölü üçün vaxt necə keçir?
Cavab: 

Və aleykum Salam. Bərzəx aləmində ölülər üçün zamanın necə keçməsi məlum deyildir. Lakin, Quran və səhih hədislərə əsasən insan öldükdən sonra Qiyamət günü dirildikdə qəbirdə keçirtdiyi vaxt onun üçün bir gün və ya daha az bir vaxt kimi gələcək. Uca Allah Qurani-Kərimdə bir insanı yüz il müddətinə öldürdükdən sonra yenidən diriltdiyi barədə xəbər verir: "Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: "Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: "Nə qədər qaldın?" O dedi: "Bir gün, yaxud bir gündən də az qaldım!" Allah dedi: "Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük". Ona həqiqət bəlli olduqda: "Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!"– dedi. (əl-Bəqərə, 259). 

Bu ayədə qeyd edilən insan yüz il ölü qalmasına baxmayaraq "nə qədər qaldın?" sualının cavabında: "Bir gün, yaxud bir gündən də az qaldım!" dedi. Halbuki, illərin sayı yüz idi. Həmçinin, Uca Allah insanları Qiyamət günü diriltdikdə, dünyada qaldıqları müddətin onlara az bir vaxt kimi gəlib keçdiyini xəbər verərək buyurur: "Səndən o Saat barəsində: "O nə vaxt qopacaq?"– deyə soruşurlar. Sən onu haradan biləsən axı?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən. Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!" (ən-Naziat, 42-46).

Həmçinin buyurur: "Allah kafirlərdən: "Yer üzündə neçə il qaldınız?" - deyə soruşacaq. Onlar: "Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş" - deyəcəklər. Allah deyəcək: "Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz!" (əl-Mu'minun, 112-114).

Teqlər: 
Paylaş: