ən-Nəsr surəsinin izahı

    18.03.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Allahın köməyi və qələbə gəldiyi zaman,
2. insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
3. həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

ən-Nəsr (Kömək) surəsinin izahı
Məşhur İslam alimi Abdur-Rahmən əs-Sədi bu surəni izah edərkən deyir ki, bu surədə Allahın elçisinə müjdə verilir və ona bu müjdənin yetişdiyi zaman nə edəcəyi əmr edilir. Burada həm­çinin bunun nə ilə nəticələn­məsinə işarə və xəbərdarlıq vardır. Surədəki müj­də Allahın Öz elçisinə kömək göstər­məsi, Peyğəmbərin Mək­kəni fəth etməsi, insanların dəstə-dəstə Allahın dininə da­xil olması, əvvəl Peyğəmbərə düşmən olan müşrik­lərin sonradan onun tərəf­darına və köməkçilərinə çevrilməsidir. Allahın köməyi və zəfər yetişdiyi zaman Peyğəm­bə­rin nə edəcəyinə gəlincə, bu, onun müjdə yetişdiyi zaman Rəbbinə şükür etməsi, Onu həmd-səna etməsi və Ondan bağışlanma diləməsidir. Surədə olan işarə və xəbərdarlığa gəldikdə isə qeyd etmək lazımdır ki, burada iki məsələyə işarə edilir.
     Birincisi odur ki, Allah tərəfindən İslam dininə olan kömək davamiyyətli ola­caq və bu kömək Allahdan bağışlanma diləməklə artacaq. Çünki Allahın bən­dələrinə verdiyi nemətlərin artı­rılması Ona edilən şükrün müqabilin­dədir. Uca Allah buy­urur:
“Əgər Mənə şükür etsəniz, sizə olan nemətimi artıraram” (İbrahim, 7).
Artıq Allahın köməyi və zəfər rəşidi xəlifə­lərin dövründə və sonrakı dövrlərdə müsəlman­lara yetişmiş və uzun müddət davam etmişdir. Belə ki, İslam dini başqa dinlərin çatmadığı bir səviyyəyə çatmış və bu dinlərə nisbətən İslamı daha çox insan qə­bul etmişdir.
      İkin­ci işarə isə Peyğəmbərə əcəlinin yaxınlaşması və öm­rünün sona çatmasıdır. Bu surə­də Allah, namaz, həcc ziyarəti və s. xeyirxah işlərin Ondan bağışlanma dilə­məklə tamamlanmasını əmr edir. Bu halda Allahın Öz elçisinə Onu həmd-səna etməsini və Ondan bağışlanma diləməsini əmr etməsi Onun ömrünün sona çatma­sı­na işarədir ki, Rəbbi ilə görüşəcəyinə hazırlaşsın və ömrünü ləyaqətlə başa çatdırsın. Muhəmməd peyğəmbər bu ayələrdən lazımı nəticəni çıxarmış, onu namazın ruku və səcdəsin­də tətbiq et­mişdir.
Aişə rəvayət edir ki, Peyğəmbər və­fat etməmişdən əvvəl bu duanı çox oxu­yardı: “Allahummə subhanə­kə və bihəmdikə, əstəğfirukə və ətubu ileyk!” (Alla­hım, Sən pak və müqəddəssən, bütün həmdlər yalnız Sənə məxsusdur. Allahım, Sən­dən bağışlanma diləyirəm və Sənə tövbə edirəm!)” (Səhih Muslim).

Paylaş: