Can alan və sorğu-sual edən mələklər

    18.03.2014

      Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu, Ölüm mələyidir. Uca Allah buyurur:
“De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (əs-Səcdə, 11).
Ölüm mələyinin köməkçiləri olan mələklər də vardır. Onlar insana etdikləri əmələ müvafiq olaraq görünürlər. Əgər yaxşı əməl sahibi olmuşsa, onlar ona gözəl simada, pis əməl sahibi olmuşsa, qorxunc bir simada görünürlər. Uca Allah buyurur:
“Nəhayət, sizlərdənbirinə ölüm gəldiyi zaman elçilərimiz mələklər onun canını alırlar və heç bir səhvə yol vermirlər” (əl-Ənam, 61).
Qəbirdə insanı sorğu-sual edən Münkər və Nəkir adlı iki mələk vardır. Bu mələklərin görkəmi və qəbirdəki insanları sorğu-suala tutmaları barədə bir çox səhih hədislər vardır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Bəndə qəbrə qoyulduğu və yol­daşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini belə eşidir və hə­min anda onun yanına iki mələk gəlib onu otuzdurur və ondan soruşurlar ki: “Bu Muhəm­məd (salləllahu aleyhi və səlləm) deyilən adam haqqında nə deyə bilərsən?” O: “Mən şa­hid­­lik edi­rəm ki, Mu­həmməd Allahın qulu və el­çisi­dir”– deyə cavab verir. (On­da ona) deyirlər: “Cəhənnəm odundakı yerinə bax! Allah onun əvəzinə sə­nə Cənnətdə bir yer verdi". Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyir: “O adam hər iki yerini görür. Kafir və ya münafiqə gəl­dik­də isə, (verilən suala o belə) cavab verir: “Bilmirəm, mən insanların de­di­yi­ni deyir­dim.” (On­da ona) deyilir: “Sən (haqqı) başa düşməmisən və (Quran) oxu­mamısan!” Bundan sonra dəmir çəkiclə onun qulaqlarının arasına bir zərbə vu­rulur və o elə bağırır ki, cinlər və insanlar istisna olmaqla, yanında­kıların ha­mısı onun səsini eşidir". (əl-Buxari, 1338).
Hər bir müsəlman səhih hədislərdə göstərildiyi kimi, bu iki mələyə, onların adlarına, vəsflərinə, sorğu-sual etmələrinə, qəbirdə nemət və əzabın olmasına iman gətirməlidir.
Əməlisaleh mömin insanlar qəbirdə nemətlər içində olacaq, günahkar kafirlərə isə qəbirdə əzab veriləcək. Uca Allah buyurur:
“Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər” (İbrahim, 27).
Uca Allah qəbirdə sorğu-sual olunan möminləri sabitqədəm edir və bunun ardından onlara nemətlər verilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Mömin bəndə qəbirə qoyulduqda onun yanına iki mələk gəlir və mömin: “Şəhadət verirəm ki, Allahdan başqa haqq tanrı yoxdur və Muhəmməd Onun elçisidir”– deyir. Bu da Rəbbimizin: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar” ayəsinin təsdiqidir.” (əl-Buxari, 1369).
Peyğəmbər Uhud döyüşündə şəhid olanlar barəsində belə demişdir: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda sonra Allah onların ruhunu yaşıl quşlarını içinə yerləşdirdi, onlar da Cənnətin çaylarına geir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşən qızıl çıraqlara qonurlar”.
Qəbir əzabı barəsində isə Uca Allah buyurur:
“Allah Musanı onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!” (əl-Ğafir, 45-46).
Bu ayədə Firon nəslinin oda salınmasının qəbirdə baş verəcəyi bildirilir. Həmçinin, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbir əzabı haqqında belə demişdir: “Sizdən biri­niz öldüyü zaman səhər-axşam ona düşəcəyi yer göstərilir. Cənnət əhlin­dən olarsa, Cənnətdəki yeri, Cəhənnəm əhlindən olarsa, Cəhənnəmdəki ye­ri (ona göstəri­lər)”. (əl-Buxari, 3240).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Ölülərinizi dəfn edəsi olmasaydınız, Allaha dua edərdim ki, qəbir əzabını sizlərə eşitdirsin”. (Muslim, 2868).
Qəbirdəki nemətlər və əzab həm ruha, həm də bədənə veriləcəkdir. Ruh bədənlə birlikdə bütün nemət və əzabları dadacaqdır. Ola bilsin ki, bəzən yalnız ruha nemət və ya əzab verilsin.

Paylaş: