Günahsız uşaqların qəzalarda və müharibələrdə faciəli şəkildə ölməsinin səbəbi necə izah edilir?

    07.01.2019
Kimdən: 
Asif
Sual: 
Bir sualım var Ölüm haqqında: Qəzalarda müharibələrdə ,faciəli surətdə dünyasını dəyişən günahsız məsum az yaşlı uşaqların yəni günahsız insanların və buna oxşar ölümlərin səbəbləri Dinimizdə necə izah edilir. Bu ölümlərin axirətləri və günahlarına aidiyyatı varmı varsa izahat edin zəhmət olmasa . Əvvəlcədən təşəkkür edirəm
Cavab: 

Salam aleykum. Əvvəlcə unutmayaq ki, dünyasını dəyişmiş azyaşlı uşaqlar cənnətlikdir. Daha ətraflı: Ölmüş körpə üçün ağlamaq
Onların nə üçün tez ölməsi isə Allahın bizə bildirdiyi və bildirmədiyi bir çox hikmətlərlə bağlıdır. Odur ki, bunların hamısı sınaqlar, imtahanlarla əlaqəli və həmçinin Allahın istəyinə, qəza və qədərinə bağlı məsələlərdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir! Allah yolunda ölənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz. Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər". (əl-Bəqərə, 153-156).
Habelə, insanların başına gələn hadisələr, müsibətlər onların öz əməllərinin nəticəsinə görə də ola bilir. Günahsız ölən, öldürülən uşaqların günahları olmasa da, ümumən bu, onların yaxınları üçün bir imtahan, yaxuda da onların günahlarına görə bir cəza da ola bilər. İstənilən halda bunun hikmətini ən doğru bilən Allahdır. Uca Allah insanların törətdiyi günahların və cəzaya layiq əməllərinin əksəriyyətini bağışlayır və onların yalnız az bir qismi bəlalar və müsibətlər şəklində onların qabağına çıxır. Uca Allah buyurur: "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allaha şərik qoşanlar idi". (ər-Rum, 41-42).
Digər oxşar bir ayədə isə Uca Allah belə buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. Siz yer üzündə Allahdan yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz". (əş-Şura, 30-31). Həmçinin oxuyun: Səbir edənlərə müjdə ver! 

Paylaş: