Qiyamət gününün vaxtı məlumdur?

    21.03.2014
Sual: 
Salam aleykum. Televizorlar, radiolarda yalandan deyirler ki, bu gün ve ya sabah Qiyamet günüdür, Qiyamet qopacaq. Ümumiyyətlə Qiyamet gününün ne vaxt olacağı melumdur?
Cavab: 

Aleykum salam. Qiyamətin vaxtı bəlli deyildir. Onun nə vaxt qopacağını bilən yalnız Uca Allahdır. Ümumiyyətlə bu haqda nə eşitsəniz bilin ki, bunlar yalan və yanlış məlumatdır. Bu haqda Uca Allah öz kitabında belə deyir: "İnsanlar sənə o Saat (qiyamətin vaxtı) barədə sual verir. De: "Onu yalnız Allah bilir!" Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır". (əl-Əhzab, 63).
Baxın bu ayə açıq-aydın onu göstərir ki, Qiyamət gününün vaxtını Uca Allahdan başqa heç kəs bilmir. Gələcək haqqında olan xəbərlər qeyb elminə daxildir. Qeybi isə Uca Allahdan başqa heç kəs bilməz. Uca Allah onun vaxtını hətta öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) bildirməmişdir. Allah yalnız onun əlamətlərini Peyğəmbərə bildirmiş, o da bu xəbərləri insanlara çatdırmışdır. Dünya alimləri də bu kainatın sonunun baş verəcəyini qəbul edirlər, lakin bunun dəqiq nə vaxt baş verəcəyini bilmirlər. Cəbrailin (aleyhis-sələm) hədisi adlı məşhur hədisdə Cəbrailin (aleyhis-sələm): "Mənə Qiyamət saatı haqqında xəbər ver" sualına Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə cavab vermişdir: "Bu haqda soruşulan soruşandan çox bilmir". Onun: "Mənə onun əlamətləri haqqında xəbər ver" sualına isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə cavab vermişdir: "O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən". (Muslim, 8).
Beləliklə Qiyamətin qopacağı günün vaxtını Uca Allahdan başqa heç kəs bilmir.  Amma qiyamətdən əvvəl baş verəcək hadisələri peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bizə bildirmişdir. Bu hadisələr baş verməmiş qiyamətin qopacağını demək olmaz. Daha ətraflı:

Teqlər: 
Paylaş: