Tövbə surəsinin 107-108-ci ayələrini dəlil gətirərək cümə namazına getməyənlərə nə cavab vermək olar?

    18.02.2019
Kimdən: 
Cemil
Sual: 
Salam aleykum bezi tanislarim var cumeye gelmirler sebebini sorusduqda tovbe suresinin107 108 ayetini delil getirirler birde deyirler ki imamlar qorxaraq icazeli xutbe oxuyurlar onlarin arxasninda namaz qilmaq dogru deyil.
Cavab: 
Və aleykum Salam. Cümə namazına getmək bütün müsəlman kişilərə vacibdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cumuə, 9).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç bir üzürlü səbəb olmadan səhlənkarlıq ucbatından (ardıcıl olaraq) üç cüməni tərk edənin Uca Allah qəlbini möhürləyər". (Əbu Davud, 1052).
Cümə namazına getməyərək qeyd etdiyiniz ayələri bəhanə gətirmək səhvdir. Həmin ayələr aşağıdakı kimidir: "(Müsəlmanlara) zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: "Biz yaxşılıqdan başqa bir şey istəmədik" (-deyə) and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada pak olmağı sevən kişilər vardır. Allah da pak olanları sevir". (ət-Tövbə, 107-108)
Bu ayədə məscidin təqva (Allah qorxusu) üzərində deyil, müsəlmanlara zərər vurmaq məqsədi ilə tikildiyini Uca Allah öz peyğəmbərinə (Allahın ona salavatı və salamı olsun) vəhy ilə bildirmişdir. Müasir dövrdə heç kimə vəhy gəlmir, elə isə hansısa məscidin təqva üzərində tikilmədiyini necə iddia etmək olar? Məgər bunu deyənlər məscid tikənlərin qəlbindəkini bilirlər? Məscid imamının qorxaraq xütbə verdiyini iddia etmək də buna bənzəyir. Hətta bunun doğru olduğunu fərz etsək belə, bu, cümə namazına gəlməməyə əsas vermir.
Yuxarıdakı ayələrin təfsirində belə deyilir: "Quba adlı yerin sakinləri arasında münafiqlər Quba məscidi yanında ikinci bir məscid inşa etdilər. Onların niyyəti mömin müsəlmanlara zərər vurmaq və onların arasına təfriqə salmaq idi. Onlar Allaha və Onun Elçisinə müqavimət göstərən bir sıra kafirlərə də söz verdilər ki, bu məscid, lazım gəldikdə, onların daldalanacağı kimi istifadə edilə bilər. Lakin Uca Allah bu fasiqləri rüsvay etdi və onların sui-qəsdinin üstünü açdı. Allah Təala xəbər vermişdir ki, münafiqlər bu "məscidi" möminlərə və onların toplaşdığı məscidə zərər vurmaq məqsədilə tikiblər. Onlar küfrün köməyinə gəlmək niyyətində olduqları halda, başqaları haqq dini müdafiə etməyə can atırdılar. Onlar istəyirdilər ki, müsəlmanların arasında ixtişaş və ixtilaf yaratsınlar və Allahın, Onun Elçisinin əleyhinə vuruşan və müsəlmanlara qatı nifrət bəsləyən kafirlərə kömək etsinlər. Belə kafirlərdən biri də rahib Əbu Amir idi. O, Mədinənin sakinlərindəndi və Muhəmməd Peyğəmbər də bu şəhərə hicrət etdikdə, o, ona iman gətirməkdən imtina etmişdi. Cahiliyyə dövründə Əbu Amir Allaha ibadət edənlərdən idi, lakin sonralar o, müşriklərə meyl etdi ki, onlar ona Allahın Elçisi ilə mübarizədə kömək etsinlər. Onların ona belə bir kömək göstərmək iqtidarında olmadıqlarına əmin olduqda, Əbu Amir Bizans imperatorunun yanına yollanır və güman edir ki, imperatorun Muhəmməd Peyğəmbərə qələbə çalmağa gücü çatar. Yolda bu kafir ölür, onu müdafiə etməyə söz verən münafiqlər isə onun üçün "zərər məscidi" tikirlər. Muhəmməd Peyğəmbərə bu barədə vəhy nazil edildikdə, o, bir neçə nəfər müsəlmana həmin "məscidi" dağıtmağı və yandırmağı əmr edir. Onlar da onun əmrini yerinə yetirirlər və sonradan həmin yer zibilxanaya çevrilir". (Abdurrahmən ibn Nasir əs-Sə'di "Müqəddəs Quranın Təfsiri" ət-Tövbə surəsinin izahı). Daha ətraflı:
Paylaş: