"Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər" ayəsinin izahı
Sual:
Salam.Her vaxtiniz xeyir.Zehmet olmasa "Eraf" suresi 201 ayetin tefsirini vere bilerdinizmi? Onceden tesekkurler.
Cavab:
Və aleykum Salam. Uca Allah buyurur: "Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər". (əl-Əraf, 201).
Ayənin təfsirində bildirilir ki, hər bir adam öyüd-nəsihətləri unudaraq şeytanın təhriklərinə uya bilər. Şeytana təqvalı qulu yoldan çıxarmaq müyəssər olduqda, həmin insan o saat Allahı xatırlamağa başlayır. Məhz bu xüsusiyyəti onu azğın günahkarlardan fərqləndirir. Mömin insan günah etdiyini və şeytanın onu haram əməllər törətməyə sövq etdiyini və ya ona vacib bir hökmü yerinə yetirməyə mane olduğunu başa düşəndə, bunun səbəbləri üzərində düşünməyə başlayır. O, şeytanın ona necə və hansı tərəfdən yaxınlaşması üzərində fikirləşiir. O, Allah qarşısında olan öz vəzifələrini və dinin tələblərini yadına salır və bunun nəticəsində yoldan çıxarıldığını dərk edir və bağışlanması üçün Allaha dua etməyə başlayır. Buraxdığı nöqsanların üstünü Allaha səmimi tövbə etməklə və çoxsaylı xeyirxah əməllər etməklə örtməyə çalışır. Bu da şeytanı məyus edib kədərləndirir və onun bütün əldə etdiklərini dağıdır.