Hamilə qadın körpəsinə süd verə bilərmi?
Və aleykum Salam. Dinimizdə hamilə qadınlara uşaq əmizdirməyi qadağan edən hökm yoxdur. Çətin hamiləlik keçirən və vaxtından əvvəl azad olmaq təhlükəsi olan qadınların uşaq əmizdirmək məsələsində ehtiyatlı olması və bu kimi məsələləri həkimlərlə məsləhətləşməsi lazımdır. Əgər həkimlər anaya ziyan olacağını bildirərək süd verməni qadağan etsələr, körpəyə süd verməməsinə görə anaya günah yazılmaz. Digər hallarda, hamilə qadın körpəsinə süd vermək iqtidarındadırsa və bunun sağlamlıq baxımından bir zərəri olmayacaqsa, bu zaman qadın öz körpənisə iki yaşınadək süd verməlidir. Körpəsini yedizdirməsi, ona baxması, qulluq etməsi və s. onun üçün savabdır. Uca Allah buyurur: "Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi (şəriətə) müvafiq qayda uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. (Bu vəzifə) eynilə varisin üzərinə düşür. Əgər (ata və ana) özlərinin razılığı və məsləhəti ilə (uşağı) süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı (süd anasına) əmizdirmək istəyirsinizsə və (süd haqqını) müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür". (əl-Bəqərə, 233).
Ayədən də başa düşüldüyü kimi, uşağını iki yaşından əvvəl süddən kəsmək istəyən ana bu qərarı öz başına yox, əri ilə razılığa gəldikdən sonra verə bilər.
Digər bir ayədə isə Uca Allah belə buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: "Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!" (əl-Əhqaf, 15).