Nə üçün Allah yəhudi və xaçpərəstləri dost tutmayın deyə buyurur?

    13.05.2019
Sual: 
Salam Aleykum. Nəyə görə Allah "Yəhudi və xaçpərəstləri dost tutmayın!" deyir və onları kafir adlandırır? Əgər iki adam dostluq etmək istəyirsə, niyə onların müxtəlif dinlərin nümayəndəsi olması onların dostluğuna mane olsun? Əgər biz də qeyri-müsəlman mühitində böyüsəydik biz də yəqin ki, "kafir" olardıq. Həmçinin Quranda yazılıb ki, Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Yəni Allah özü adamların müxtəlif dinlərdən olmasına səbəb olur sonra da onlar arasında dostluğu qadağan edir. Nəyə görə?
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: "Biz iman gətirdik!"– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: "Qəzəbinizdən ölün!" Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir". (Ali-İmran, 118-120)
Allahın müxtəlif dinlərin yayılmasına icazə verməsinin səbəbi isə, iman, küfr, ibadət və digər məsələlərdə insanlara iradə və seçim azadlığının verilməsidir. Belə ki, Allah heç kimi müəyyən bir əməli etməyə məcbur etmir, əks halda Qiyamət günü sorğu sualın mənası olmazdı. Adəmdən (Allahın ona salamı olsun) başlayaraq bütün peyğəmbərlər insanları tək Allaha ibadət etməyə, ona şərik qoşmamağa çağırmışlar. İnsanların haqqı bilə-bilə başqa din seçmələlərinin, Allaha şərik qoşmalarının səbəbi isə zülm, paxıllıq, dünya malına hərislik və digər səbəblər olmuşdur. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir". (Ali-İmran, 19).
"İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər". (əl-Bəqərə, 213). 
Həmçinin oxuyun: 
İslam - tək haqq dindir

Paylaş: