Bilə bilə günah etdikdən sonra tövbə etsəm, Allah bağışlayarmı?

    06.05.2019
Kimdən: 
Lamiye
Sual: 
Salam .gunah oldugunu bildiyin halda o gunahi ediremse .tovbe duasi oxuyub birde etmeyeceyime and iciremse Allah gunahimizdan kecermi?
Cavab: 
Və aleykum Salam. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Tövbə etdikdən sonra günahdan və ona aparan amillərdən çəkinməyə çalışmaq lazımdır. Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl Furqan, 68-71).
Həmçinin, rəvayət edilir ki, bir kişi Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah qalmayıb ki, onu etməmiş olsun. Ona tövbə varmı?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaqçılığımı və günah əməllərimi də?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli". O da: "Allahu Əkbər!" deyə-deyə gözdən itdi". Daha ətraflı:
Paylaş: