Səhabələrlə bağlı bir neçə sual
Aleykum salam.
1) Səhabələrdən (Allah onlardan razı olsun) cənnətlə müjdələnənlərin hamısı cənnətlikdir. Məsələn, 10 nəfərin müjdələnməsi, Bədr əhlinin müjdələnməsi, həmçinin ağac altında beyət edənlərin cənnətlə müjdələnməsi və s. Biz Cənnətlə müjdələnən səhabələrin (Allah onlardan razı olsun) cənnətlik olmasına şahidlik edirik. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) onları cənnətlə müjdələmişdir. Lakin bu müjdələnənlərdən başqa bütün səhabələrin (Allah onlardan razı olsun) ümumi olaraq cənnətlik olmasını deyirik. Allah Təala buyurur: "Sizə nə olub ki, malınızdan Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır" (əl Hədid, 10) .
2) Hər bir müsəlman Qurana iman gətirdiyi kimi səhih hədislərə də iman gətirməlidir. Səhabələrə gəldikdə isə onlar peyğəmbərlərdən sonra ən fəzilətli insanlardır. Onların fəziləti təkcə Peyğəmbəri görüb ona iman gətirməklə məhdudlaşmır. Səhabələr İslam dinini öz çiyinlərində dünyaya daşımış, İslam dininin qorunması və yayılması üçün Allah yolunda canlarını və mallarını fəda etmişlər. Bu gün biz İslamı yaşatmağımıza görə məhz onlara minnətdar olmalıyıq. Onlar Qurani Kərimi və Peyğəmbərin buyruqlarını (hədislərini) əzbərləyib sonrakı nəsillərə ötürüblər. Uca Allah bu dini seçmişdir, həmçinin, sonuncu Peyğəmbəri Muhəmmədi bütün insanların içindən seçmiş, eləcə də onun dostlarını və onun silahdaşları olan səhabələrini seçmişdir. Bu gün səhabələrə dil uzadanlar İslam dininə və onun Peyğəmbərinə dil uzadanlardır. İslam əqidəsinin əsaslarına görə hər bir müsəlman səhabələri sevməli, onlara hörmət etməlidir. Siz deyirsiniz ki, biz Peyğəmbəri görmədən iman gətirmişik. Biz Peyğəmbəri görmədən səhabələrin əzbərlədiyi və sonrakı nəsillərə çatdırdığı Quranı və Peyğəmbərin hədislərini oxuyub iman gətirmişik. Bu gün bizim iman gətirməyimiz onların qanı bahasına başa gəlmişdir. Peyğəmbərin həyatını və ondan sonrakı dövrün tarixini oxuyan onlara dil uzatmağın nə dərəcə də küfr və nankorluq olduğunun şahidi olar. Bu cür hədislərə gəlincə orada deyilən fəzilətlər xüsusi məna daşıyır. Məsələn, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Məni görüb iman gətirənə Tubə olsun! Məni görmədən iman gətirənə yeddi dəfə Tubə olsun!” Bu cür hədislərdə Peyğəmbər onu görmədən iman gətirənlərə xüsusi fəzilət verildiyini söyləyir. Bu o demək deyildir ki, onu görmədən iman gətirən səhabələrdən üstün sayılır. Bu o deməkdir ki, sonradan iman gətirənlərə ayrıca fəzilət verilir.
3) Bu ayələrdə söhbət təmiz münafiqlərdən gedir, bura səhabələrin (Allah onlardan razı olsun) heç bir aidiyyatı yoxdur. Görmürsünüz ayədə münafiqlər deyir, məgər qəlbi ilə iman gətirməyən səhabə ola bilər ki? Xeyir, əsla ola bilməz. Ayələrin təfsirinə baxsanız, özünüz şahidi olacaqsınız. Münafiq qəlbində iman gətirmədiyi halda özünü müsəlman kimi göstərənlərə deyilir. Bu cür insanlar həm Peyğəmbərin dövründə, həm də indiki dövrdə də mövcuddurlar. Onlar özlərini müsəlman, bu dinin fədakarları kimi gəstərir və insanlar onları mömin hesab edirlər, əslində isə onlar İslamın və müsəlmanların qatı düşmənləridir.