Qiyamət günü ölümün qoç şəklində gətirilərək kəsilməsi hədisi səhihdirmi?
Və aleykum Salam. Bəli, qeyd etdiyiniz hədis səhihdir. Belə ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər". (Məryəm, 39) ayəsi haqqında belə demişdir: "Qiyamət günü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək. Sonra carçı: "Ey Cənnət əhli!" - deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaqlar. Carçı: "Bunu tanıyırsınızmı?" - deyə soruşacaq. Onlar: "Bəli, bu ölümdür!" - deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər. Sonra carçı: "Ey Cəhənnəm əhli!" - deyə səsləyəcək. Cəhənnəm əhli başlarını qaldırıb ona tərəf baxacaqlar. Carçı: "Bunu tanıyırsınızmı?" - deyə soruşacaq. Onlar: "Bəli, bu ölümdür!" - deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşdülər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra onlara deyiləcək: "Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz!" Sonra Peyğəmbər: "Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! Çünki onlar qəflətdədirlər..." ayəsini oxudu və: "Bu dünyanın sakinləri xəbərsizdirlər" - dedi, sonra da davam etdi və: "və iman gətirmirlər" - deyərək ayəni tamamladı". (Səhih əl-Buxari, 4730; 6544, 6545; Səhih Muslim, 43/2849, 2850, 5087).