Çoxlu yalan danışmışam və pullarımı harama xərcləmişəm, tövbəm qəbul olunarmı?

    27.05.2019
Kimdən: 
elvin
Sual: 
Salam aleykum. Mən çox böyük günahllar işlətmişəm.Yalan sözlər danışmışam.Bir çox pullarımı bilmədən harama vermişəm.Mən Böyük günahlardan tövbə etsəm Allah məni bağışlayar mı?
Cavab: 
Və aleykum Salam. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar. Uca Allah insanları günahlardan tövbə etməyə çağıraraq buyurur:
"Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!" (əz-Zumər, 53-55).
Həmçinin, rəvayət edilir ki, bir kişi Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah qalmayıb ki, onu etməmiş olsun. Ona tövbə varmı?" Allah Elçisi buyurdu: "Sən İslamı qəbul etmisən?" O dedi: "Mənə gəlincə, mən şahidlik edirəm ki, Allahdan başqa haqq ilah yoxdur, O təkdir, şəriki yoxdur və sən Allahın elçisisən!" Allahın Rəsulu buyurdu: "Bəli, xeyir əməllər et və pis əməlləri tərk et! (Belə etsən,) Allah pis əməllərinin hamısını sənin üçün xeyir əməllərə çevirər". O dedi: "Fırıldaqçılığımı və günah əməllərimi də?" Allah Elçisi buyurdu: "Bəli". O da: "Allahu Əkbər!" deyə-deyə gözdən itdi". Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Paylaş: