əl-Buxari kitabında meymunların digər meymunu daşqalaq etməsi rəvayəti barədə

    27.07.2019
Kimdən: 
Hüseyn
Sual: 
Salam aleykum, bəzi insanlar Buxarinin kitabında olan meymunların zinakar meymunu daşqalaq etməsi hədisini şübhə olaraq gətirirlər ki, belə hədis olar? Mən də bu hədisin izahını bilmək istəyirəm, zəhmət olmasa cavablandırarsız, çüni bir çox insan bu şübhə ilə qarşılaşıb cavab tapa bilməyiblər
Cavab: 
Və aleykum Salam. Hədis dedikdə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) söylədiyi, etdiyi, həmçinin görüb susaraq razılaşdığı şeylər nəzərdə tutulur. Başqa şəxslərdən rəvayət olunan sözlər və ya hadisələr hədis sayılmır. Qeyd etdiyiniz rəvayət belədir: Amr ibn Məymun nəql edir ki, cahilliyyə dövründə bir meymun gördüm, başına meymunlar yığıldı, o, zina etmişdi və onlar onu daşqalaq etdilər, mən də onlarla bərabər onu daşqalaq etdim. (Səhih əl-Buxari "Mənaqibul-Ənsar" kitabı, "əl-Qasəmətu fil-Cahiliyyə" babı, №: 3849). Amr ibn Məymun İslamdan əvvəlki cahiliyyə dövründə yaşamış, İslam gəldikdə isə onu qəbul etmiş, lakin peyğəmbərlə (Allahın ona salavatı və salamı olsun) görüşməmiş şəxslərdəndir. Belə adamlara dini terminologiyada "Muxadram" deyilir. Ola bilər ki, Amr ibn Məymun həmin hadisədə meymunların bir meymunu daşladığını görüb və zənn edib ki, onu zina etdiyinə görə daşlayırlar. Bu sadəcə onun zənnidir və zina etmiş insanın rəcm (daşqalaq) edilməsi hökmü ilə əlaqəsi yoxdur.
 
Həmçinin, Səhih əl-Buxari kitabı təkcə hədislərdən ibarət deyil. İmam əl-Buxari "Səhih" əsərində ilk öncə gətirdiyi fəslə aid səhih hədisləri qeyd edir, daha sonra bu hədisləri gücləndirən digər rəvayətlər - səhabə, tabiin və alimlərin sözlərini gətirir. Amr ibn Məymunun nəql etdiyi hekayə də məhz bu qəbildəndir.
Teqlər: 
Paylaş: