Nəyə görə qara itə şeytan deyilir?

    20.07.2019
Sual: 
Salam deyirlərki itlər şeytandı axı onuda ALLAH yardıb niye şeytan deyirlər?
Cavab: 
Və aleykum Salam. Səhih hədisdə bütün itlərin deyil, yalnız qara itin şeytan olması haqda xəbər verilmişdir. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Biriniz namaza başlayarkən qarşısına miniyin yəhəri hündürlüyündə (bir dirsək hündürlüyündə) sütrə (maneə) qoyarsa, namaz yerini qorumuş olar. Əgər qarşısında miniyin yəhəri hündürlüyündə sütrə (maneə) olmazsa, onun namazını uzunqulaq, qadın və qara it batil edər". Mən dedim: "Ey Əbu Zərr, bəs qara itin, qırmızı və sarı itdən nə fərqi var? Əbu Zərr (Allah ondan razı olsun) dedi: "Ey qardaşım oğlu, mən də Peyğəmbərdən sənin soruşduğun kimi soruşduqda, o dedi: "Qara it şeytandır". (Muslim, 510; ən-Nəsai, 2/63; ət-Tirmizi, 337; Əbu Davud, 688).
Başqa bir hədisdə isə belə deyilir: "Qara it şeytandır". (Səhih Muslim, 4; İmam Əhməd, 4/85; 5/54; Əbu Davud "Sayd" 21; İbn Məcəh "Sayd", 1).
Quran ayələrində və Peyğəmbərin səhih hədislərində istifadə edilən sözlərin bəzən lüğəti, bəzən də istilahi (terminoloji) mənaları nəzərdə tutulur. Bu hədisdə "şeytan" dedikdə, lüğəti məna nəzərdə tutulur. Şeytan sözünün lüğəti mənası "itaətdən çıxan" deməkdir. Ona görə də itaətdən çıxan hər bir şeyə lüğəti məna baxımından şeytan deyilə bilər. Məsələn, cin, insan, heyvan və ya minik üçün şeytan sözü işlədilə bilər. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) göyərçin tutan (quşbazlıqla məşğul olan) bir kişini gördü və dedi: "Şeytan şeytanın dalınca düşüb." (Əhməd, Əbu Davud və başqaları, hədis səhihdir). Burada Peyğəmbərin (salləllahu aleyhi və səlləm) kişini "şeytan" adlandırmasına səbəb onun xeyirsiz işlə məşğul olmasıdır. Buna baxmayaraq mənfəət əldə etmək məqsədilə göyərçin saxlamağa icazə verilir. Hədisdə qara itə şeytan deyilməsi isə qara itin yaradılış baxımından itaətsizliyə meyilli olmasına görədir. Qısaca, qara it növünün itaətsizliyə meyilli bir növ olduğu vurğulanmışdır. (Bax: "Təfsir İbn Kəsir", 1/145).
Teqlər: 
Paylaş: