Əyyub peyğəmbərin imtahanı
Əyyub – əleyhis-salam - İsrail oğullarına göndərilmiş bir peyğəmbər idi. O, saflığı və mülayimliyi ilə seçilirdi. Uca Allah onu Qurani-Kərimdə zikr edir, gözəl əxlaqlı olmasına görə onu tərifləyir və onun düçar olduğu bəlaya səbir etdiyini xüsusi olaraq qeyd edir. Uca Allah buyurur: "Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı" (Sad, 44).
Əyyub peyğəmbər həm zəngin, həm də hörmətli bir insan idi. Uca Allah onu ailəsi, övladları və var-dövləti ilə sınağa çəkdi. Bundan başqa o, ağır xəstəliyə də düçar oldu. Deyilənə görə bu, cüzam xəstəliyi idi. Bu xəstəlik onun dili və qəlbi istisna olmaqla bütün bədənini bürüdü. O, insanlardan heç kəsin məruz qalmadığı çətin sınaqla üzləşdi. Buna baxmayaraq o, Allahın qəzavü-qədərinə razı qaldı, Allahı zikr və dua etməyə davam etdi.
Onun xəstəliyi o qədər uzun çəkdi ki, hətta yaxın adamları və dostları belə onu tərk etdilər. Belə olan halda o, Rəbbinə üz tutdu. Uca Allah Qurani-Kərimdə bu haqda belə buyurur:
"Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (əl-Ənbiya, 83).
Uca Allah da: "Biz ona dedik: "Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!" (Sad, 42) – deyə buyurur.
O bir dəfə ayağını yerə vurdu və oradan sərin bulaq qaynadı. Sonra ona: "Bu sudan iç və yuyun" – deyildi. O bunları yerinə yetirdikdə Allah ona şəfa verdi. Sonra Uca Allah onu ailəsinə qovuşdurdu, övladlarını və var-dövlətini artırdı, ona bol nemətlər bəxş etdi. Uca Allah Qurani-Kərimdə buyurur:
"Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik" (əl-Ənbiya, 84).
Rəvayət edilir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Əyyub çılpaq çimərkən onun üstünə qızıldan çəyirtkələr töküldü. Əyyub onları paltarının cibinə yığmağa başladı. Bu vaxt Rəbbi onu çağırıb: "Ey Əyyub! Məgər Mən səni bu gördüyündən də artığı ilə zəngin etmədimmi?" - deyə buyurdu. Əyyub: "Bəli, İzzətinə and olsun ki, elədir. Lakin mən hər zaman Sənin bərəkətinə möhtacam" – deyə cavab verdi." (əl-Buxari, 279).
Əyyub peyğəmbər xəstəliyə düçar olanda ailəsi ondan uzaqlaşdı. Xoş gündə olduğu kimi dar gündə də zövcəsi onun yanında qalmalı idi. Onu tərk etdiyinə görə o, zövcəsinə bərk qəzəbləndi və ona yüz çubuq vuracağına dair and içdi. Uca Allah Əyyub peyğəmbərə şəfa verdikdə o, andına sadiq qalaraq sözünün üstündə durmalı idi. Bu haqda Uca Allah belə buyurur: "Biz ona dedik: "Əlinə bir dəstə çubuq götürüb onunla vur və andını pozma". Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı" (Sad, 44).
Uca Allah bu işi onun üçün asanlaşdırdı və yüz çubuq vurmaq əvəzinə ona yüz çubuq götürüb bircə dəfə vurmağın kifayət etdiyini buyurdu. O da əmri yerinə yetirdi və andına sadiq qaldı.
Bu ayədə Uca Allah onu səbir edən və daima Allaha itaət edən gözəl bəndə olaraq vəsf edir. Çünki, o, ağır xəstəliyə, ailə və övlad itkisinə səbir edərək Allahın qəzavü-qədərinə razı qaldı, bununla yanaşı o, Allahı heç vaxt unutmadı və çətin anlarında hər zaman Ona sığındı.
Səbir etdiyinə görə Uca Allah onu bəlaya düçar olub səbir edənlərə ibrət, bədbəxt olanlara təskinlik və ağıl sahiblərinə nümunə olaraq göstərdi.