ət-Tövbə surəsi 95 - 96 - cı ayələr
“Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm olacaqdır. Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq qövmdən razı olmaz”
Rəvayət edilir ki, Abdullah ibn Kəb ibn Malik demişdir: “Kəb ibn Malikin belə dediyini eşitdim: “Təbuk döyüşündən sonra Allah Elçisi – sallallahu aleyhi və səlləm - səhabələri ilə bir yerdə oturmuşdu. Bu vaxt döyüşdən yayınan səksəndən çox kişi onun yanına gəldi və (bəhanələrini doğrultmaq üçün) and içərək üzrxahlıq etməyə başladılar. Allah Elçisi – sallallahu aleyhi və səlləm - onların camaat arasında dediklərini qəbul etdi, onlardan bir daha vəd aldı, onlar üçün Allahdan bağışlanma dilədi və qəlblərində gizlətdiklərini Allaha həvalə etdi. Mən isə həqiqəti gizlətmədim və ona düzünü dedim. Allaha and olsun ki, mənim üçün İslam nemətindən sonra Allahın əta etdiyi ən əzəmətli nemət Allah Elçisinə – sallallahu aleyhi və səlləm - düz danışmaq idi ki, yalan danışıb həlak olanlardan olmayım. Həqiqətən, Allah yalan danışanların dediklərinin necə də pis olması barədə bu ayəni nazil etdi: “Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm olacaqdır. Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq qövmdən razı olmaz” (ət-Tövbə, 95-96)”.
ət-Tabəri “Cəmiul-Bəyən” 17091, 17173. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.