Məryəm surəsi 77 – 80 - ci ayələr
“Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”- deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli (Allahdan) vədə almışdır? Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir”
Rəvayət edilir ki, Xəbbab (Allah ondan razı olsun) demişdir: “Mən cahiliyyət dövründə dəmirçi idim. As ibn Vailin[1] mənə verəcəyi var idi. Mən gəlib borcumu ondan tələb etdikdə, o dedi: “Muhəmmədi inkar etməyincə sənə (heç nə) verməyəcəyəm”. Mən dedim: “Allah səni öldürüb dirildənədək Muhəmmədi -sallallahu aleyhi və səlləm - inkar etməyəcəyəm”. As dedi: “Elə isə mən ölüb dirilənədək gözlə. (Mən diriləndən sonra) mənə var-dövlət və övlad bəxş ediləcək. Onda sənin borcunu qaytararam”. (Bu hadisədən sonra bu) ayə nazil oldu: “Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”– deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli (Allahdan) vədə almışdır?” (Məryəm, 77-78)”.
əl-Buxari, 1949, 2091, 4732-4735; Muslim, 2795, 5003, 7240.