əl-Ənbiya surəsi 98 – 103 – cü ayələr
“Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz. Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar. Onlar orada xırıldayacaq və heç nə eşitməyəcəklər. Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar. Onlar onun xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar. Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”- deyəcəklər”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Uca Allahın kitabında bir ayə var ki, insanlar onun barəsində məndən heç nə soruşmurlar. Bilmirəm onlar bu ayəni bildiklərinə görəmi soruşmurlar”. Ondan: “O hansı ayədir”- deyə soruşduqda, o dedi: “Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz” (əl-Ənbiya, 98) ayəsi nazil olduqda, Məkkə əhli təhqir olunduqlarını düşünüb dedilər: “Məhəmməd bizim tanrıları söydü”. İbn əz-Zəbəri onların yanına gəlib soruşdu: “Sizə nə olub?” Onlar dedilər: “Muhəmməd bizim tanrıları söydü”. O: “Nə dedi?”- deyə soruşduqda onlar: “O: “Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz”- deyir. O dedi: “Onu Mənim yanıma çağırın”. Muhəmməd - sallallahu aleyhi və səlləm - onun yanına gəldikdə, o dedi: “Ey Muhəmməd! Bu dediklərin xüsusən bizim ilahilərimizə aiddir, yoxsa Allahdan başqa ibadət olunan hər şeyə şamil edilir?” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Əksinə, bu ayə Allahdan başqa ibadət olunan hər bir şeyə şamil edilir”. O dedi: “Biz ona qalib gəldik! Ey Muhəmməd! Səni and verirəm bu evin Rəbbinə! De görək İsa, Üzeyir və mələklər əməlisaleh qullar deyillərmi?" Peyğəmbər - sallallahu aleyhi və səlləm: “Əlbəttə (əməlisaleh qullardır)!”- deyə cavab verdikdə, o dedi: “Nəsranilər İsaya, yəhudilər Üzeyirə və Bəni Məlih də mələklərə ibadət edir”. Məkkə əhli sevinclə güldü və bu ayə nazil oldu: “Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar…” (əl-Ənbiya, 101). Sonra da bu ayə nazil olduqda: “Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü” (əz-Zuxruf, 57) - hay-küy saldılar”.
ət-Tahavi “Şərh Muşkulil-Əsər” 986; Əhməd, 1/317-318; ət-Tabərani “Mucəmul-Kəbir” 12739. Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.