əl-Fəth surəsi 24 – 26 – cı ayələr
“Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir. Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik. Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir”
Misvər ibn Məxrəmə və Mərvan ibn Həkəm (Allah onlardan razı olsun) bir-birinin rəvayətini təsdiqləyərək demişlər: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - Hudeybiyə sülhündə (Mədinədən səfərə) çıxdı və bir qədər yol getdikdən sonra əshabələrinə buyurdu ki: “Xalid ibn Vəlidin başçılıq etdiyi Qureyşin süvari qoşunu Ğəmim vadisində pusquda dayanıblar. Buna görə də, siz sağ tərəfə gedin!” Allaha and olsun ki, Xalid Peyğəmbəri - sallallahu aleyhi və səlləm - və onun əshabələrini görmədi. Yalnız onların arxasınca qalxan qara toz-torpağı gördükdən sonra atını çaparaq (müsəlmanların gəldiyini) Qureyşə xəbər verməyə getdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə (əshabələri ilə birlikdə) yoluna davam etdi. Nəhayət, gəlib Məkkəyə aparan (Hudeybiyyə vadisindəki) dağ yoluna çatdılar. Burada Peyğəmbərin - sallallahu aleyhi və səlləm - dəvəsi yerə çökdü və camaat: “Həl! Həl!”– deyə-deyə dəvəni yerindən tərpətməyə çalışdılar. Lakin dəvə çökdüyü yerdən qalxmadı və onlar: “Qəsva inadkarlıq edib qalxmır!”– dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Qəsva inadkarlıq etməz! Bu onun adəti deyil. Lakin (bir zamanlar Məkkəyə daxil olmaq istəyən) fili tutub saxlayan Allah indi də Qəsvanı saxladı. Canım Əlində Olan Allaha and olsun ki, müşriklər Allahın haram buyurduqlarına riayət etməklə məndən hər nə istəsələr onlara istədiklərini verəcəyəm!” Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - Qəsvanı tərpətdi və heyvan dərhal ayağa qalxdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Hudeybiyyənin qurtaracağında yerləşən və içində az miqdarda su olan çuxurun yanına gəldi. Əshabələr çuxurda olan sudan az-az o qədər daşıyıb apardılar ki, orada su qalmadı. Onlar susuzluqdan Peyğəmbərə - sallallahu aleyhi və səlləm - şikayət etdikdə o, ox qabından bir ox çıxarıb onlara verdi və onu çuxura sancmağı əmr etdi. Allaha and olsun ki, ox çuxura sancılan kimi oradan su fəvvarə vurdu və bu fəvvarə onların susuzluqlarını yatırıb oradan qayıdanadək axmağa davam etdi. Bu vaxt Budeyl ibn Vərqa əl-Xuzai (Budeyl Xuzaə qəbiləsinin başçısı) öz qəbiləsindən – Xuzaədən olan bir dəstə kişi ilə Peyğəmbərin r yanına gəldi. Tihaməlilər içərisində Xuzaə qəbiləsindən olanlar əvvəldən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sirdaşı idilər. Budeyl dedi: “Mən Kəb ibn Lüeyyi və Amir ibn Lüeyyi Məkkədə tərk edib gəlmişəm. Onlar Hudeybiyyə vadisindəki ən zəngin su quyularını ələ keçiriblər. (Uzun müddət müqavimət göstərib qaçmamaq üçün) özləri ilə süd verən və balası yanında olan dişi dəvələr də gətiriblər. Səninlə müharibə etmək və Məkkəyə daxil olmağına mane olmaq istəyirlər.” Peyğəmbər r dedi: “Biz müharibə etmək üçün gəlməmişik! Biz yalnız Ümrə ziyarəti etməyə gəlmişik. Həqiqətən, müharibə Qureyşi maddi və mənəvi cəhətdən zəiflətmiş, onları ziyana uğratmışdır. Əgər istəyirlərsə, müharibəni dayandırıb onlarla sülh müqaviləsi bağlayım. Qoy onda mənimlə digər insanlar arasında olan münasibətə qarışmasınlar. (Əgər mən o kafirlərə məğlub olsam, bu onlar üçün bir dəstək olacaq, yox) əgər qalib gəlsəm, onda onlar da digərləri kimi İslam dininə daxil ola bilərlər. Əks təqdirdə, mən onlarla bağladığım müqaviləni pozmayacağam. Beləliklə, onlar istirahət edəcəklər (bir müddət müharibədən yaxa qurtaracaqlar). Onlar mənim bu təklifimi qəbul etməyib bizim işimizə müdaxilə etsələr, canım Əlində olan Allaha and olsun ki, başım bədənimdən ayrılana qədər onlarla vuruşacağam. O zaman Allah Öz vədini (İslam dinini ucaldacağını) mütləq doğruldacaq”. Budeyl dedi: “Sənin dediklərini onlara çatdıraram!” Sonra o, qureyşlilərin yanına gəlib dedi: “Biz Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanından gəlirik və ondan bəzi şeylər eşitdik. İstəyirsinizsə, onun dediklərini sizə ərz edək.” Onların arasındakı səfehlər: “Ondan bizə hər hansı bir xəbər verməyinə ehtiyacımız yoxdur”- deyə etirazlarını bildirdilər. Ağıl sahibləri isə: “De görək, ondan nə eşitmisən!”– deyə israr etdilər. O: “Mən ondan filan, filan təklifləri eşitdim”– deyib, Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - eşitdiklərini bir-bir onlara nəql etdi. Sonra Urva ibn Məsud ayağa qalxıb dedi: “Ey qövmüm, siz mənim valideynim, mən də sizin övladınız deyiləmmi?” Onlar: “Bəli!”– deyə cavab verdilər. O yenə soruşdu: “Siz məni günah etməkdə ittiham edirsinizmi?” Onlar: “Xeyr!”– deyə cavab verdilər. O bir daha soruşdu: “Ukaz əhlini sizin köməyinizə çağırdığımı və onlar sizə yardım göstərməkdən imtina etdikdən sonra əhli-əyalımla, övladımla və mənə tabe olanlarla birlikdə sizə yardım etməyə gəldiyimi bilirsinizmi?” Onlar: “Əlbəttə, bilirik!”– deyə cavab verdilər. Urva dedi: “Həqiqətən, bu adam sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun dəvətini qəbul edin və mənə də gedib onunla danışıq aparmağa izn verin!” Onlar: “Gedə bilərsən!”– deyə cavab verdilər. O, danışıq aparmaq üçün Peyğəmbərin r yanına gəldi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Budeylə dediklərini Urvaya da dedi. Urva soruşdu: “Ey Muhəmməd! Əgər öz qövmünün kökünü kəssən, (kimi dəvət edəcəksən)? Heç səndən əvvəl ərəblərdən öz qövmünü məhv edən bir kəs barəsində eşitmisənmi? Bəs onlar sənə qalib gəlsələr necə? Allaha and olsun ki, mən sənin tərəfdarların arasında cəsarətli üzlər görmürəm. Mən burada bir çox insanlar görürəm ki, onlar səni müharibə başlayan kimi qoyub qaçacaqlar!” Əbu Bəkr (Urvanın bu təhqirinə dözməyib) dedi: “Get Latın fərcini yala! Sən elə zənn edirsən ki, biz onu qoyub qaçacağıq?!” Urva: “Bu kimdir?”– deyə soruşdu. Əshabələr: “Bu, Əbu Bəkrdir!”- deyə cavab verdilər və o: “Canım Əlində Olana and olsun ki, bir zamanlar mənə göstərdiyin və əvəzini vermədiyim qayğı olmasaydı, sənin cavabını verərdim!”– deyib, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - söhbətinə davam etdi. O, danışdıqca (hər dəfə söz söylədikdən sonra ərəblərin adətinə görə) Peyğəmbərin - sallallahu aleyhi və səlləm - saqqalından tuturdu. Bu vaxt Muğira ibn Şöbə əlində qılınc və başında dəmir dəbilqə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanında dayanıb onu qoruyurdu. Urva Peyğəmbərin - sallallahu aleyhi və səlləm - saqqalına əl atdıqca Muğira qılıncının qınının ucu ilə onun əlinə vurur və ona: “Peyğəmbərin - sallallahu aleyhi və səlləm - saqqalından əlini çək!”– deyirdi. Urva başını qaldırıb: “Bu kimdir?”- deyə soruşdu. Onlar: “Bu Şöbənin oğlu Muğiradır!”- deyə cavab verdilər. O, (Muğiraya) dedi: “Ey xain! Mən hələ də sənin xainliyin nəticəsində (Səqif qəbiləsi ilə aramızda) baş vermiş anlaşılmazlıqları həll etməklə məşğulam”. Cahiliyyət dövründə Muğira bir dəstə adamla yol yoldaşı oldu. O zaman o onları öldürmüş, mallarını götürüb Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlmiş və İslamı qəbul etmişdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə ona belə demişdi: “İslam dininə daxil olduğunu səndən qəbul edirəm, lakin qəsb etdiyin malı götürmürəm!” Sonra Urva Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əshabələrinə nəzər saldı və (öz dostlarına) dedi: “Allaha and olsun ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - ağzından çıxan tüpürcək onlardan birinin ovucuna düşən kimi bu tüpürcəyi üzünə və bədəninə sürtür. Onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirirlər. Dəstəmaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə aparırlar. Onun yanında danışarkən səslərini qaldırmırlar və hörmət əlaməti olaraq onun üzünə baxmırlar!” Sonra Urva tərəfdarlarının yanına qayıtdı və dedi: “Ay camaat! Allaha and olsun ki, mən bir nümayəndə kimi çox padşahların Qeysərin, Xosrovun, Nəcaşinin və başqalarının hüzurunda olmuşam və padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də görmüşəm. Lakin Muhəmmədin - sallallahu aleyhi və səlləm - əshabələrinin ona təzim etdikləri kimi heç bir padşaha təzim olunduğunu görməmişəm. Allaha and olsun ki, Peyğəmbərin r ağzından çıxan hər bir tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtürlər. Onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirirlər. Dəstəmaz aldığı sudan əldə etmək üçün öz aralarında mübarizə aparırlar. Onun yanında danışarkən səslərini qaldırmırlar və hörmət əlaməti olaraq onun üzünə baxmırlar! Həqiqətən, o sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun təklifini qəbul edin!” Bənu Kinanədən olan bir nəfər dedi: “İzn verin mən gedib onunla danışım!” Onlar: “Gedə bilərsən!”- dedilər. O, əshabələrin yanına yaxınlaşdıqda Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Bu gələn filankəsdir. O elə bir tayfadandır ki, onlar qurbanlıq dəvələrinə çox hörmət edir və onları qiymətləndirirlər. Elə isə qurbanlıq dəvələrini ona tərəf sürün”. Əshabələr dərhal qurbanlıq dəvələrini sürüb ləbbeyk deyə-deyə onu qarşıladılar. O, ləbbeyk deyə-deyə gələn əshabələri və qurbanlıq dəvələri gördükdə dedi: “Subhənallah! Onlar Allahın Evini ziyarət etməkdən məhrum olunmağa layiq deyillər.” Sonra o, tərəfdarlarının yanına qayıdıb dedi: “Mən onların ümrə ziyarətində kəsəcəkləri, üzərilərində qurbanlıq nişanəsi olan dəvələrini gördüm. Düşünürəm ki, Allahın Evini ziyarət etməyə onlara mane olmamalıyıq.” Bu vaxt Mikrəz ibn Həfs adlı bir nəfər ayağa qalxıb dedi: “İzn verin, mən gedib onunla danışım!” Onlar: “Gedə bilərsən!”– deilər. O, əshabələrin yanına yaxınlaşdıqda Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Bu gələn Mikrəzdır, o xain adamdır!” O, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - söhbət etdiyi vaxt Suheyl ibn Amr onların yanına gəldi. Suheyl ibn Amr gəldikdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - əshabələrə dedi: “Artıq sizin bütün işləriniz yüngülləşdi!” Suheyl ibn Amr Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedi: “Gəl bizimlə sizin aranızda (on illik) sülh müqaviləsi bağlayaq!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - katibini çağırıb müqaviləni yazmağı ona əmr edib dedi: “Yaz! Mərhəmətli, Rəhmli Allahın adı ilə!” Suheyl ibn Amr dedi: "ər-Rəhmana gəldikdə isə, Allaha and olsun ki, mən onu tanımıram! Biz bir vaxtlar yazdığımız kimi yaz: “Allahım, Sənin adınla başlayıram!” Bu vaxt müsəlmanlar: “Allaha and olsun ki, biz yalnız “Bismillahir-Rəhmanir-Rəhim!” yazacağıq!”- deyə etiraz etdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə katibinə əmr edib dedi: “Yaz! Allahım, Sənin adınla başlayıram! Bu, Allahın elçisi Muhəmmədin bağladığı sülh müqaviləsidir...” Suheyl yenə etiraz edib dedi: “Əgər biz sənin Allahın elçisi olduğunu etiraf etsəydik, Onun Evini ziyarət etməyə sənə mane olmazdıq və səninlə vuruşmazdıq. Odur ki, yaz: “Muhəmməd ibn Abdullah!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Baxmayaraq ki, siz məni təkzib edirsiniz, amma, Allaha and olsun ki, həqiqətən, mən Allahın elçisiyəm!” Sonra da katibinə “Muhəmməd ibn Abdullah” yazmağı əmr etdi. Zuhri demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - Suheylin dedikləri ilə razılaşdı. Çünki o: “Canım Əlində olan Allaha and olsun ki, müşriklər Allahın haram buyurduqlarına riayət etməklə məndən hər nə istəsələr, onlara istədiklərini verəcəyəm!”– deyə söz vermişdi”.
Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona ilk şərtini təklif edib dedi: “Allahın Evini təvaf etməyə bizə əngəl törətməyəcəksiniz!” Suheyl dedi: “Xeyr! Allaha and olsun ki, bu dəfə təvaf etməyə sizə izn verməyəcəyik. Yoxsa ərəblər: “Müsəlmanlar bizim müqavimətimizi qırdılar və bizi məcbur etdilər”– deyə şayiələr buraxacaqlar. Odur ki, gələn ildən etibarən, (gəlib istədiyiniz qədər Allahın Evini ziyarət edə bilərsiniz).” Əli onun dediklərini yazdı. Sonra Suheyl ikinci şərti təklif edib dedi: “Bizim tərəfdən sənin yanına gələn hər bir kəsi, hətta sənin dinini qəbul etsə belə, geri qaytarmalısan!” Müsəlmanlar heyrətlə dedilər: “Subhənallah! Müsəlman olub yanımıza gəlmiş bir kimsə müşriklərə qaytarıla bilərmi?!” Onlar bu məsələni müzakirə edərkən, Əbu Cəndəl ibn Suheyl ibn Amr ayaqları qandallanmış vəziyyətdə onların yanına gəldi. (Əbu Cəndəl İslam dinini qəbul etdiyi üçün Məkkəlilər onu həbs etmişdilər). O, Məkkənin aşağısında həbs olunduğu yerdən qaçmış və nəhayət özünü müsəlmanlara çatdırmışdı. Bu vaxt Suheyl dedi: “Ey Muhəmməd! Bu müqavilənin ilk şərtinə əsasən onu mənə qaytarmalısan!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Biz hələ müqaviləni tamamlamamışıq.” Suheyl dedi: “Allaha and olsun ki, belə olduğu təqdirdə mən də sənin heç bir təklifinlə razılaşmayacağam!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Sən Əbu Cəndəli bu müqavilədən istisna et və onu mənə bağışla!” Suheyl dedi: “Mən onu qoyduğumuz şərtdən istisna edib sənə bağışlaya bilmərəm!” Peyğəmbər - sallallahu aleyhi və səlləm: “Sən gəl razı ol, onu mənə bağışla!”- dedi. Suheyl qətiyyətlə rədd edib dedi: “Mən heç cür sənin dediyinə əməl edə bilmərəm”. Bu zaman Mikrəz dedi: “Yaxşı, onu özünüzdə saxlamağa sənə icazə verdik!” (Müqavilə bağlayan Suheyl ibn Amr isə buna razılıq vermədi). Bu vaxt Əbu Cəndəl dedi: “Ey müsəlmanlar! Mən müsəlman olub sığınacaq tapmaq üçün sizin yanınıza gəldim. İndi isə məni müşriklərə təhvil verirlər? Mənim əzab-əziyyətlərə məruz qaldığımı görmürsünüzmü?” O, Allah yolunda muşriklərin çox şiddətli işgəncələrinə məruz qalmışdı. Ömər ibn Xəttab deyir ki, o zaman mən gəlib Peyğəmbərə - sallallahu aleyhi və səlləm - dedim: “Məgər sən Allahın haqq Peyğəmbəri deyilsənmi?” Peyğəmbər - sallallahu aleyhi və səlləm: “Bəli!”– deyə cavab verdi. Mən dedim: “Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?” O yenə: “Bəli!”– dedi. Mən: “Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?”– deyə soruşdum. O dedi: “Mən Allahın elçisiyəm və heç vaxt Ona asi olmuram! Allah mənə yardım edəcək!” Mən dedim: “Məgər sən bizə: “Bu yaxınlarda Allahın Evinə gedib onu təvaf edəcəyik!”– deyə xəbər verməmişdinmi?” O dedi: “Elədir! Məgər mən sənə məhz bu il təvaf edəcəyimizi xəbər vermişdim?” Mən: “Xeyr!”– deyə cavab verdikdə o dedi: “(Yaxın zamanda) sən mütləq gedib Kəbəni təvaf edəcəksən!” Sonra mən Əbu Bəkrin yanına gəlib dedim: “Ey Əbu Bəkr! Məgər o, Allahın haqq peyğəmbəri deyilmi?” O: “Elədir!”- deyə cavab verdi. Mən dedim: “Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?” O: “Elədir!”– deyə cavab verdi. Mən: “Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?”– dedim. Əbu Bəkr dedi: “Ey insan! Həqiqətən, o, Allahın elçisidir və heç vaxt Rəbbinə asi olmur. Allah onun yardımçısıdır. Elə isə ondan yapış (əmr və qadağalarına riayət et). Allaha and olsun ki, o haqq yoldadır.” Mən dedim: “Məgər o bizə: “Bu yaxınlarda Allahın Evinə gedib onu təvaf edəcəyik”– deyə xəbər verməmişdimi?” Əbu Bəkr dedi: “Elədir! Məgər o sənə məhz bu il təvaf edəcəyini xəbər vermişdi?” Mən: “Xeyr!”– dedikdə o dedi: “(Yaxın zamanda) sən mütləq gedib Kəbəni təvaf edəcəksən!” Ömər demişdir: “Mən çoxlu xeyirxah işlər gördüm (ki, Allah etdiyim səhvi bağışlasın)”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - sülh müqaviləsini bağladıqdan sonra əshabələrinə: “Qalxın, qurbanlarınızı kəsin, başınızı qırxdırın!”- deyə əmr etdi.” Allaha and olsun ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - bunu üç dəfə təkrar etdi, lakin əshabələrdən heç biri ayağa qalxmadı. Əshabələrin yerlərindən tərpənmədiyini görən Peyğəmbər - sallallahu aleyhi və səlləm - Ummu Sələmənin yanına gəldi və onların bu etinasızlığını ona xəbər verdi. Ummu Sələmə dedi: “Ey Allahın elçisi! İstəyirsən, onlar sənin əmrinə tabe olsunlar?! Bayıra çıx, sonra qurbanlıq dəvələrini kəsməyincə və dəlləyini çağırıb başını qırxdırmayınca onlara bir kəlmə belə demə!” O, bayıra çıxıb qurbanlıq dəvələrini kəsdi, dəlləyini çağırıb başını qırxdırdı və onlara heç bir söz demədi! Bunu görən əshabələr dərhal qalxıb qurbanlıq dəvələrini kəsdilər və bir-birilərinin başlarını qırxmağa başladılar. Hətta iş o yerə çatdı ki, (onun əmrini daha tez yerinə yetirmək üçün baş vermiş dartışma nəticəsində) əshabələr bilmədən az qala bir-birilərini öldürmüşdülər. Sonra mömin qadınlar Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına hicrət etdilər və Uca Allah bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın. Həmin qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir” (əl-Mumtəhənə, 10). Bu ayə nazil olduqdan sonra Ömər iki müşrik zövcəsini boşadı və onlardan birini Müaviyə ibn Əbu Sufyan, digərini isə Səfvan ibn Umeyyə aldı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Mədinəyə gəldikdən sonra, müsəlman olmuş qureyşli Əbu Bəsir onun yanına gəldi. Qureyşlilər onu geri qaytarmaq üçün iki adam göndərdi və onlar Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib: “Bizimlə bağladığın sülh müqaviləsinə əsasən Əbu Bəsiri geri qaytar!”- deyə ona müraciət etdilər. O, Əbu Bəsiri həmin iki nəfərə təhvil verdi. Onlar Əbu Bəsirlə Məkkəyə yola düşdülər və nəhayət gəlib zül-Hüleyfəyə çatdılar. Burada onlar (xurcunlarındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsir onlardan birinə: “Ey filankəs, Vallahi ki, sənin bu qılıncın çox gözəldir!”– dedi. Qılıncın sahibi onu qınından çıxarıb dedi: “Doğrudan da, bu çox gözəl qılıncdır. Mən onu bir neçə dəfə təcrübədən keçirmişəm.” Əbu Bəsir: “Göstər görüm necə qılıncdır”- dedi, sonra da fürsət tapıb qılıncı onun əlindən aldı və onun nəfəsini kəsənədək qılıncla onu vurdu. O birisi isə qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onun vahimə içində yüyürə-yüyürə gəldiyini görüb: “Bu adam nədənsə qorxub!”– dedi. O, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedi: “Vallahi, yoldaşım öldürüldü! (Məni qorumasanız) mən də öldürüləcəyəm.” Bu vaxt Əbu Bəsir gəlib dedi: “Ey Allahın Peyğəmbəri! Allaha and olsun ki, O, sənə vədini yerinə yetirməyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah məni onların əlindən xilas etdi. Peyğəmbər r dedi: “Vay bunun anasının halına! Bu, müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nəfər də onunla həmrəy olsa, (o zaman müharibə alovu qızışacaq və sülh müqaviləsi pozulacaqdır)”. Əbu Bəsir bunu eşitdikdə yenidən müşriklərə qaytarılacağını başa düşdü və Mədinədən çıxıb dənizin sahilinə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl ibn Suheyl də gəlib ona qoşuldu. Daha sonra Məkkə müşriklərindən yaxa qurtaran hər bir müsəlman ona qoşuldu və beləliklə də, onlar qüvvətli bir dəstəyə çevrildilər. Vallahi, onlar hər dəfə Qureyşin ticarət karvanının Şama yola düşdüyündən xəbər tutduqda, karvanın qabağını kəsir və onları öldürüb mallarını götürürdülər. (Bu təhlükəni görən) Qureyş öz tərəfindən bir nümayəndəni Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına göndərdi. Bu dəfə qureyşlilər Peyğəmbəri - sallallahu aleyhi və səlləm - Allaha and verib aralarında olan qohumluq əlaqələrinin hörmətinə görə (onların ticarət karvanlarını Əbu Bəsir və onun camaatından qorumaq üçün) ona yalvarırdı. Onlar Peyğəmbərə - sallallahu aleyhi və səlləm: “(Bundan sonra müsəlman olaraq Məkkədən Mədinəyə) hicrət etmiş hər bir şəxs geri gətirilməyəcəkdir”- deyə xəbər göndərmişdilər”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - əshabələrdən birini Əbu Bəsirin və onun camaatının yanına göndərdi və Uca Allah bu ayələri nazil etdi: “Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir. Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik. Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir” (əl-Fəth, 24-26). Onların təkəbbür və təəssübü (Hudeybiyə müqaviləsində) “Mərhəmətli, Rəhmli Allahın adı ilə!”, “Allahın elçisi” sözlərini yazmaqdan imtina etmələri və həmin il müsəlmanların Məkkəyə daxil olub, Allahın evini ziyarət etməyə razılıq verməmələri idi”.
əl-Buxari, 2529, 2731-2732.
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, səksən nəfər silahlı Məkkə müşriki Tənim dağı tərəfdən müsəlmanlara hücum etmiş, lakin əsir tutulub Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gətirilmişdilər. O da onlara heç bir cəza verməyib hamısını azad etmiş və bu ayə nazil olmuşdu: “Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur” (əl-Fəth, 24)”.
Muslim, 1808, 3373; 4782
Sələmə ibn əl-Əkva (Allah ondan razı olsun) demişdir: «Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - birlikdə Hüdeybiyyəyə gəldiyimiz zaman bizim sayımız min dörd yüz nəfər idi və biz özümüzlə əlli qoç da gətirmişdik. (Ora çatdıqda hamı susamışdı. Elə buna görə də) Peyğəmbər - sallallahu aleyhi və səlləm - su quyusunun yanında oturdu, sonra ya dua etdi, ya da onun içinə tüpürdü və oradan su fəvvarə vurdu. Biz o sudan doyunca içdik, heyvanlarımızı suvardıq və ehtiyat üçün qablarımıza da doldurduq. Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - beyət etmək üçün bizim hamımızı ağacın altına dəvət etdi. Mən ilk beyət edənlərdən idim. Beyət edənlərin sayı yarıya çatdıqda Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi:
– Ey Sələmə, gəl beyət et!
– Ey Allahın elçisi, artıq mən ilk zümrə ilə birlikdə sənə beyət etdim!
– Yenə beyət et!
Sonra o məni əliboş – yəni silahsız – görüb bir qalxan verdi və beyət etməyinə davam etdi. Beyətin sonunda o dedi:
– Ey Sələmə, mənə beyət etmirsən?
– Ey Allahın Elçisi, artıq mən əvvəlki və sonrakı camaatla birlikdə sənə beyət etdim!
– Yenə beyət et!
Mən üçüncü dəfə ona beyət etdim. Sonra o mənə dedi: "Ey Sələmə, sənə verdiyim qalxan haradadır?"
Mən dedim: "Ey Allahın Elçisi! Mən əmim Amiri silahsız görüb qalxanı ona verdim".
Peyğəmbər - sallallahu aleyhi və səlləm - gülüb dedi: "Həqiqətən, sən, sanki ilk əvvəl: "Allahım! Özümdən də artıq sevdiyimi (bir neməti) mənə əta et!"- deyən şəxsə bənzəyirsən!"
Sonra müşriklər bizim yanımıza öz nümayəndələrini göndərib onlarla sülh müqaviləsi bağlamağı təklif etdilər. Biz bununla razılaşdıq və aradakı gediş-gəliş bərpa olundu. O zamanlar mən Təlhə ibn Ubeydullahın xidmətçisi idim. Mən onun atını suvarır, qaşovla belini toz-torpaqdan təmizləyir, habelə digər xidmətlər göstərir və Təlhənin çörəyini yeyirdim. Mən Allahın [rizasını qazanmaq] və Peyğəmbərinin - sallallahu aleyhi və səlləm - (əmrinə tabe olmaq) xatirinə var-dövlətimi və qohum-əqrəbamı tərk edib Mədinəyə hicrət etmişdim.
Məkkə əhli ilə bizim aramızda sülh müqaviləsi bağlanılıb gediş-gəliş bərpa olunduqdan sonra mən tikanlı bir ağacın yanına gəlib altına tökülmüş tikanları təmizlədim və dincəlmək üçün orada uzandım. Bu zaman dörd Məkkə müşriki yanıma gəlib Peyğəmbər - sallallahu aleyhi və səlləm - barəsində nalayiq sözlər danışmağa başladılar. Mən onların dediklərinə nifrət etdim və gedib başqa ağacın altında uzandım. Onlar silahlarını ağacdan asıb orada uzandılar. Elə bu vaxt carçı vadinin aşağı tərəfindən car çəkib dedi: "Ey mühacirlər, İbn Zuneymi öldürüblər!" Mən dərhal qılıncımı çıxarıb o dörd nəfərin üstünə hücum etdim və onların qılınclarını əlimə toplayıb dedim: "Məhəmmədin hörmətini ucaldan Allaha and olsun ki, sizlərdən biri başını tərpətsə onun boynunu vuraram!" Sonra mən onları əsir tutub Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gətirdim. Bu arada əmim Amir zirehli atın üzərində, əsir tutulmuş Ablat oğullarından olan Mikrəzi və başqa yetmiş müşriki Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gətirdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlara nəzər salıb dedi: "Onları azad edin! Bu onların birinci və axırıncı günahı olsun!" Peyğəmbər - sallallahu aleyhi və səlləm - onları bağışlayıb hamısını azad etdi və Uca Allah da bu ayəni nazil etdi: “Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir".
Sonra biz oradan çıxıb geriyə, Mədinəyə döndük və yolüstü müşrik olan Bəni Lihyan qəbiləsinə yaxın bir yerdə dayanmalı olduq. Onlarla bizim aramızda bir dağ var idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - o gecə dağa qalxıb müşriklər barəsində ona və səhabələrinə xəbər gətirən şəxs üçün Allahdan bağışlanma dilədi. Mən o gecə iki və ya üç dəfə dağa qalxdım. Biz Mədinəyə gəlib çatdıqdan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - xidmətçisi Rəbahı mənimlə birlikdə geridə qalmış sürüyə baş çəkməyə göndərdi və biz Təlhənin atına minib ora getdik. Biz ora çatdıqda artıq Abdurrəhman ibn Bədr əl-Fəzari sürüyə basqın etmiş, çobanı öldürüb mal-qaranı sürüb aparmışdı. Mən: "Ey Rəbah! Götür bu atı Təlhə ibn Ubeydullaha çatdır, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - də xəbər ver ki, artıq müşriklər onun sürüsünə basqın ediblər". Sonra mən bir təpənin üstünə qalxıb Mədinəyə tərəf üz tutdum və üç dəfə: "Köməyə gəlin!"– deyə çağırdım. Daha sonra mən müşrikləri təqib edib onları ox atəşinə tutdum və rəcəz ilə bu sözləri oxudum:
"Əkvanın oğluyam mən Ölüm günüdür bu gün"
Sonra yaxınlaşıb onlardan birini oxla vurdum. Mənim atdığım oxun ucu onun atının yəhərindən keçib çiyininə dəydi. Mən yenə:
"Əkvanın oğluyam mən Ölüm günüdür bu gün"
deyib onları ox atəşinə tutdum. Allaha and olsun ki, atlılardan hər biri mənə hücum etdikcə onları (atlarını) oxla vurub yaralayırdım. Mən o vaxta qədər ox atdım ki, nəhayət onlar (çıxılmaz vəziyyətə düşdülər və) özlərini dağ dərəsinə saldılar. Mən dağın üstünə qalxıb onların başlarına o qədər daş yağdırdım ki, nəhayət ələ keçirdikləri mal-qaranı geri qaytardılar. Onlar həyəcanla otuzdan çox zireh və nizələri yerə atdılar. Mən bu silahların üzərinə o qədər daşlar saldım ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - və səhabələri dağın döşündəki dərəyə gəldikdə onların orada olduğunu bilsin. Bu vaxt Abdurrəhman ibn Bədr əl-Fəzari gəlib çıxdı və onlar oturub nahar etməyə başladılar. Mən isə dağın üstündən onlara tamaşa edirdim. O dedi: "Bu gördüklərim nədir? (Burada nə baş verib?)" Onlar dedilər: "Biz bunun təzyiqinə məruz qalmışıq. Allaha and olsun ki, alaqaranlıqdan indiyə kimi bizdən əl çəkməyib, bizi ox atəşinə tutub və hər şeyi (mal-qaranı, zirehlərimizi və nizələrimizi) əlimizdən alıb. Abdurrəhman ibn Bədr əl-Fəzari dedi: "Dörd nəfər (danışıqlar aparmaq üçün) onun yanına getsin!"
Onlardan dördü mənim yanıma qalxdı. Mən danışmağa fürsət tapan kimi dedim: "Məni tanıyırsınızmı?" Onlar dedilər: "Xeyr, sən kimsən?" Mən dedim: "Mən Sələmə ibn əl-Əkvayam. Məhəmmədin hörmətini ucaldan Allaha and olsun ki, mən istəsəm sizin hər birinizi öldürə bilərəm, ancaq siz istəsəniz də məni öldürə bilməyəcəksiniz!" Onlardan biri: "Bəli! Zənn edirəm ki, o doğru deyir"- dedi və onlar geri qayıtdılar. Peyğəmbərin - sallallahu aleyhi və səlləm - süvari qoşunu ağaclar arasından görünənədək mən tutduğum mövqeyi tərk etmədim. Qoşunun önündə Əxrəm əl-Əsədi, onun ardınca Əbu Qətadə əl-Ənsari, onun da ardınca Miqdad ibn əl-Əsvəd əl-Kindi gəlirdi. Mən Əxrəmin atının yüyənindən tutduqda o dedi: "Axı onlar qaçırlar!" Mən dedim: "Ey Əxrəm, onlardan özünü qoru! Mən istəmirəm ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - və səhabələri gəlincəyə qədər onlar səni öldürsünlər!" O dedi: "Ey Sələmə! Əgər sən Allaha və axirət gününə, cənnətin və cəhənnəmin haqq olduğuna inanırsansa Onun yolunda şəhid olmağıma mane olma!"
Mən ona mane olmadım və o Abdurrəhman ibn Bədr əl-Fəzari ilə təkbətək göyüşdə şəhid oldu. O, yalnız Abdurrəhmanın atını yaralaya bildi, Abdurrəhman isə onu öldürüb atına sahib oldu. Sonra Əbu Qətadə Abdur-Rahmənla təkbətək döyüşdü və qılıncla onu öldürdü. Məhəmmədin hörmətini ucaldan Allaha and olsun ki, mən onların ardınca qaçdım və arxada nə bir səhabə, nə də onlardan bir toz-torpaq [əsər-əlamət] gördüm. Müşriklər gün batmamışdan əvvəl gəlib zu-Qərəd adlanan, su olan bir dərəyə çatdılar və susuzluqlarını yatırtmaq üçün suyun kənarına gəldilər. Sonra nəzər salıb mənim onların dalınca gəldiyimi, onları qabaqladığımı görüb dərhal oranı tərk etdilər və bir qurtum belə o sudan içə bilmədilər. Onlar yenə dağın döşünə çəkildilər. Mən qaça-qaça onlara yaxınlaşıb:
"Əkvanın oğluyam mən Ölüm günüdür bu gün"
deyib qarşımdakı müşrikin çiynindən bir ox vurdum.
O dedi: "Anası onu itirsin! Bu, səhərki Əkvadı?" Mən: "Bəli, ey nəfsinin düşməni! Mənəm, səhərki Əkva!»- deyə cavab verdim".
Onlar dağın döşündə iki at tərk edib qaçdılar. Mən bu atları da sürüb Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına apardım və yolda Amirlə (r.a) rastlaşdım. Onun əlində birində bir az süd, digərində isə su olan iki tuluq var idi. Mən (süddən) içib (sudan) dəstəmaz aldıqdan sonra Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəldim. O, müşriklərin tərk etdiyi suyun kənarında oturmuş və onlardan aldığım dəvələri, zirehləri və nizələri götürmüşdü. Bilal isə bu dəvələrdən birini kəsib ciyərindən və hörgücündən Peyğəmbər - sallallahu aleyhi və səlləm - üçün qızardırdı. Mən dedim: "Ey Allahın elçisi, izn ver səhabələrdən yüz nəfər seçib götürüm və onların ardınca gedib hamısını öldürüm!"
Peyğəmbər - sallallahu aleyhi və səlləm - azı dişləri tonqal işığında görünənə qədər [ürəkdən] güldü və dedi: "Ey Sələmə! Sən bunu bacara biləcəyinə arxayinsan?" Mən dedim: "Əlbəttə! Səni ən hörmətli edən Allaha and olsun ki, bacararam!" O dedi: "Hal hazırda onlar Ğətəfan diyarında gonaqdırlar!"
Bu vaxt Ğətəfandan bir kişi gəlib dedi: "Filankəs onlar uçun bir dəvə kəsdi. Onlar dəvənin dərisini soyarkən üzərində olan toz-torpağı görüb: "Müsəlmanlar gəlirlər"- deyə qaçıb getdilər.
Ertəsi gün Peyğəmbər - sallallahu aleyhi və səlləm: "Bu günkü gündə ən yaxşı süvarimiz Əbu Qətadə və ən yaxşı piyadamız Sələmədir!"– deyib süvari və piyadalar üçün ayrılmış qənimət paylarından ikisini (hərəsindən bir pay) mənə verdi. Sonra o məni öz arxasına, Adbaya mindirdi və biz Mədinəyə qayıtdıq. Yolda ən bərk qaçan ənsarlardan biri: "Mədinəyə qədər yarışmaq istəyən varmı?"- deyə bir neçə dəfə təkrar etdi.
Mən onun bu qəti tələbini eşitdikdə dedim: "Məgər sən alicənab, möhtərəm insanlara hörmət etmirsən?" O: "Xeyr, mən yalnız Allahın elçisinə hörmət edirəm! (yəni, onu bu yarışa çağırmıram!)" - dedi. Mən Peyğəmbərə - sallallahu aleyhi və səlləm: "Atam-anamsan ey Allahın elçisi! İzn ver onunla yarışım"- dedim. O: "İstəyirsənsə yarış!"- dedi. Sonra mən (üzümü yarışmaq istəyən ənsara tutub): "Hazırlaş!"- dedim. Mən ayaqlarımı büküb qaçış vəziyyətini aldım, sonra dərhal yerimdən sıçrayıb qaçdım. Yolda nəfəsimi dərmək üçün bir müddət dayandıqdan sonra yenə onun ardınca qaçdım. Bir az sonra mən yenə yorğunluğumu almaq üçün dayandım. Sonra qalxıb onun dalınca qaçdım və nəhayət gəlib onu keçdikdə çiyninə vurub dedim: "Vallahi, mən səni ötdüm!" O dedi: "Hesab edirəm ki, sən məni ötdün".
Beləliklə biz Mədinəyə qədər yarışdıq və mən onu arxada qoydum. Allaha and olsun ki, biz cəmi üç gün Mədinədə qaldıqdan sonra Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - birlikdə Xeybərə getdik. Bu vaxt əmim Amir rəcəz ilə bu sözləri oxudu:
"Təllahi! İstəməsəydı Allah, düz yola gəlməzdik biz,
Nə sədəqə verərdik, nə namaz qılardıq biz,
Olmasaydı lütfün Sənin, keçinə bilməzdik biz.
Sabit et qədəmləri, düşmən gəldikdə bizə,
Sonra da bir təskinlik Özün nazil et bizə!"
Allahın Elçisi - sallallahu aleyhi və səlləm - dedi: "Bu kimdir?"
O dedi: "Mənəm, Amir". Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona: "Rəbbin səni bağışlasın!"- dedi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - kiməsə Allahdan xüsusən məğfirət diləyərdisə o şəxs mütləq şəhid olardı. Bu vaxt dəvəsinin üstündə əyləşmiş Ömər ibn əl-Xəttab onu çağırıb dedi: "Ey Allahın Peyğəmbəri! İzn ver Amir oxusun biz də həzz alaq!"
Biz Xeybərə gəlib çatdıqda düşmənin başçısı Mərhəb qabağa çıxıb qılıncını havada oynatdı və dedi:
"Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!
Müharibə başlayıb döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən".
Bu vaxt əmim Amir onunla təkbətək döyüşə çıxıb dedi:
"Artıq Xeybər tanıdı, bildi ki Amirəm mən,
Mahir silah ustası, çevik qəhrəmanam mən".
Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc zərbəsi endirdi. Mərhəbin vurduğu qılınc Amirin qalxanına dəydi. Amir onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdıb venasını kəsdi və o şəhid oldu. Mən bir neçə səhabənin: "Amir intihar etdi və əməlləri puç oldu!"- dediyini eşitdim. Mən ağlaya-ağlaya Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedim: "Ey Allahın Elçisi, Amirin əməlləri puç oldu!» Peyğəmbər - sallallahu aleyhi və səlləm: "Bunu kim deyir?"- deyə soruşduqda mən: "Səhabələrindən bir neçəsi!" - deyə cavab verdim. O dedi: "Yalan deyirlər! Əksinə, o ikiqat savab qazandı!"
O zaman Əli gözlərinin ağrısından əziyyət çəkirdi və Peyğəmbər - sallallahu aleyhi və səlləm - məni onun yanına göndərib dedi: "Mən bayrağı Allah və Onun rəsulunu sevən və (ya) Allah və rəsulunun sevdiyi bir şəxsə verəcəyəm!"
Əli göz ağrısından iztirab çəkdiyi üçün onun əlindən tutub Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gətirdim. O, Əlinin gözlərinə tüpürdü və onun gözləri sağaldı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - bayrağı ona verdikdən sonra Mərhəb yenə qabağa çıxıb dedi:
"Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!
Müharibə başlayıb döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən".
Əli dedi:
"Anamın Heydər[12] adlandırdığı mənəm,
Meşələr şiri tək zəhimli görkəmliyəm,
Düşmənləri pərən-pərən edib tez öldürürəm".
O, Mərhəbin baş nahiyəsinə qılınc zərbəsi endirib onu öldürdü. Xeybər də məhz Əlinin əli ilə fəth olundu".
Muslim, 1807, 3372, 4479.