əl-Mucədələ surəsi 1 – ci ayə
“Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır. Qadınlarını anaya bənzədərək özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır. Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir”
Malik ibn Sələbənin qızı Xuveylə demişdir: “Ərim Ovs ibn Samit mənimlə zihar etmişdi. Mən şikayətə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına getdim. Peyğəmbər - sallallahu aleyhi və səlləm - mənimlə mübahisə edərək “Allahdan qorx! Axı o, sənin əmin oğludur”- deyirdi ki, Quran nazil olmağa başladı: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (əl-Mucədələ, 1). Fərz olanı (yəni kəffarəni) yerinə yetirənədək. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Bir qul azad etsin!” Mən “Azad etməyə bir şeyi yoxdur”- dedim. O, dedi: “Elə isə ardıcıl iki ay oruc tutsun!” Mən dedim: “Ey Allahın elçisi! O, yaşlı bir kəsdir. Oruc tuta bilməz”. O, dedi: “Elə isə qoy altmış kasıbı yedirsin!” Mən dedim: “Onun sədəqə verməyə bir şeyi yoxdur”. Elə bu vaxt Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına bir zənbil xurma gətirdilər. Mən “Ey Allahın elçisi! Birini də mən ona kömək edərəm”– dedim. O “Afərin sənə! Bunları onun əvəzinə altmış kasıba yedirt və əmin oğlunun yanına dön”.
Əbu Davud, 2216. əl-Albani həsən olduğunu bildirmişdir.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Həmd olsun hər bir səsi eşidən Allaha! Əri barəsində Allaha şikayət edən qadın gəlib (həqiqəti araşdırmaq üçün) Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - mübahisə etdiyi zaman mən evin digər nahiyəsində olduğum halda onların söhbətini eşitmirdim. Uca Allah isə (onun şikayətini eşitdi və) bu ayəni nazil etdi: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (əl-Mucədələ, 1)”.
Əhməd, 24195, 24241, 24699; İbn Məcə, 188; ət-Tabəri “Cəmiul-Bəyən” 34045. əl-Albani, Şueyb əl-Arnavut və Muqbil səhih olduğunu bildirmişlər.