əl-Mumtəhinə 10 – 11 – ci ayələr
“Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın. Həmin qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir. Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin yanına getsə və siz də kafirlərlə vuruşub qalib gəlsəniz, ələ keçirdiyiniz qənimətdən zövcələri çıxıb getmiş kimsələrə onların sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!”
Misvər ibn Məxrəmə və Mərvan ibn Həkəm (Allah onlardan razı olsun) bir-birinin rəvayətini təsdiqləyərək demişlər: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - Hudeybiyə sülhündə (Mədinədən səfərə) çıxdı və bir qədər yol getdikdən sonra əshabələrinə buyurdu ki: “Xalid ibn Vəlidin başçılıq etdiyi Qureyşin süvari qoşunu Ğəmim vadisində pusquda dayanıblar. Buna görə də, siz sağ tərəfə gedin!” Allaha and olsun ki, Xalid Peyğəmbəri - sallallahu aleyhi və səlləm - və onun əshabələrini görmədi. Yalnız onların arxasınca qalxan qara toz-torpağı gördükdən sonra atını çaparaq (müsəlmanların gəldiyini) Qureyşə xəbər verməyə getdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə (əshabələri ilə birlikdə) yoluna davam etdi. Nəhayət, gəlib Məkkəyə aparan (Hudeybiyyə vadisindəki) dağ yoluna çatdılar. Burada Peyğəmbərin - sallallahu aleyhi və səlləm - dəvəsi yerə çökdü və camaat: “Həl! Həl!”– deyə-deyə dəvəni yerindən tərpətməyə çalışdılar. Lakin dəvə çökdüyü yerdən qalxmadı və onlar: “Qəsva[1] inadkarlıq edib qalxmır!”– dedilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Qəsva inadkarlıq etməz! Bu onun adəti deyil. Lakin (bir zamanlar Məkkəyə daxil olmaq istəyən) fili tutub saxlayan Allah indi də Qəsvanı saxladı. Canım Əlində Olan Allaha and olsun ki, müşriklər Allahın haram buyurduqlarına riayət etməklə məndən hər nə istəsələr onlara istədiklərini verəcəyəm!” Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - Qəsvanı tərpətdi və heyvan dərhal ayağa qalxdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Hudeybiyyənin qurtaracağında yerləşən və içində az miqdarda su olan çuxurun yanına gəldi. Əshabələr çuxurda olan sudan az-az o qədər daşıyıb apardılar ki, orada su qalmadı. Onlar susuzluqdan Peyğəmbərə - sallallahu aleyhi və səlləm - şikayət etdikdə o, ox qabından bir ox çıxarıb onlara verdi və onu çuxura sancmağı əmr etdi. Allaha and olsun ki, ox çuxura sancılan kimi oradan su fəvvarə vurdu və bu fəvvarə onların susuzluqlarını yatırıb oradan qayıdanadək axmağa davam etdi. Bu vaxt Budeyl ibn Vərqa əl-Xuzai[3] öz qəbiləsindən – Xuzaədən olan bir dəstə kişi ilə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəldi. Tihaməlilər içərisində Xuzaə qəbiləsindən olanlar əvvəldən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sirdaşı idilər. Budeyl dedi: “Mən Kəb ibn Lüeyyi və Amir ibn Lüeyyi Məkkədə tərk edib gəlmişəm. Onlar Hudeybiyyə vadisindəki ən zəngin su quyularını ələ keçiriblər. (Uzun müddət müqavimət göstərib qaçmamaq üçün) özləri ilə süd verən və balası yanında olan dişi dəvələr də gətiriblər. Səninlə müharibə etmək və Məkkəyə daxil olmağına mane olmaq istəyirlər.” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Biz müharibə etmək üçün gəlməmişik! Biz yalnız Ümrə ziyarəti etməyə gəlmişik. Həqiqətən, müharibə Qureyşi maddi və mənəvi cəhətdən zəiflətmiş, onları ziyana uğratmışdır. Əgər istəyirlərsə, müharibəni dayandırıb onlarla sülh müqaviləsi bağlayım. Qoy onda mənimlə digər insanlar arasında olan münasibətə qarışmasınlar. (Əgər mən o kafirlərə məğlub olsam, bu onlar üçün bir dəstək olacaq, yox) əgər qalib gəlsəm, onda onlar da digərləri kimi İslam dininə daxil ola bilərlər. Əks təqdirdə, mən onlarla bağladığım müqaviləni pozmayacağam. Beləliklə, onlar istirahət edəcəklər (bir müddət müharibədən yaxa qurtaracaqlar). Onlar mənim bu təklifimi qəbul etməyib bizim işimizə müdaxilə etsələr, canım Əlində olan Allaha and olsun ki, başım bədənimdən ayrılana qədər onlarla vuruşacağam. O zaman Allah Öz vədini (İslam dinini ucaldacağını) mütləq doğruldacaq”. Budeyl dedi: “Sənin dediklərini onlara çatdıraram!” Sonra o, qureyşlilərin yanına gəlib dedi: “Biz Peyğəmbərin r yanından gəlirik və ondan bəzi şeylər eşitdik. İstəyirsinizsə, onun dediklərini sizə ərz edək.” Onların arasındakı səfehlər: “Ondan bizə hər hansı bir xəbər verməyinə ehtiyacımız yoxdur”- deyə etirazlarını bildirdilər. Ağıl sahibləri isə: “De görək, ondan nə eşitmisən!”– deyə israr etdilər. O: “Mən ondan filan, filan təklifləri eşitdim”– deyib, Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - eşitdiklərini bir-bir onlara nəql etdi. Sonra Urva ibn Məsud ayağa qalxıb dedi: “Ey qövmüm, siz mənim valideynim, mən də sizin övladınız deyiləmmi?” Onlar: “Bəli!”– deyə cavab verdilər. O yenə soruşdu: “Siz məni günah etməkdə ittiham edirsinizmi?” Onlar: “Xeyr!”– deyə cavab verdilər. O bir daha soruşdu: “Ukaz əhlini sizin köməyinizə çağırdığımı və onlar sizə yardım göstərməkdən imtina etdikdən sonra əhli-əyalımla, övladımla və mənə tabe olanlarla birlikdə sizə yardım etməyə gəldiyimi bilirsinizmi?” Onlar: “Əlbəttə, bilirik!”– deyə cavab verdilər. Urva dedi: “Həqiqətən, bu adam sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun dəvətini qəbul edin və mənə də gedib onunla danışıq aparmağa izn verin!” Onlar: “Gedə bilərsən!”– deyə cavab verdilər. O, danışıq aparmaq üçün Peyğəmbərin yanına gəldi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Budeylə dediklərini Urvaya da dedi. Urva soruşdu: “Ey Muhəmməd! Əgər öz qövmünün kökünü kəssən, (kimi dəvət edəcəksən)? Heç səndən əvvəl ərəblərdən öz qövmünü məhv edən bir kəs barəsində eşitmisənmi? Bəs onlar sənə qalib gəlsələr necə? Allaha and olsun ki, mən sənin tərəfdarların arasında cəsarətli üzlər görmürəm. Mən burada bir çox insanlar görürəm ki, onlar səni müharibə başlayan kimi qoyub qaçacaqlar!” Əbu Bəkr (Urvanın bu təhqirinə dözməyib) dedi: “Get Latın[5] fərcini yala! Sən elə zənn edirsən ki, biz onu qoyub qaçacağıq?!” Urva: “Bu kimdir?”– deyə soruşdu. Əshabələr: “Bu, Əbu Bəkrdir!”- deyə cavab verdilər və o: “Canım Əlində Olana and olsun ki, bir zamanlar mənə göstərdiyin və əvəzini vermədiyim qayğı olmasaydı, sənin cavabını verərdim!”– deyib, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - söhbətinə davam etdi. O, danışdıqca (hər dəfə söz söylədikdən sonra ərəblərin adətinə görə) Peyğəmbərin - sallallahu aleyhi və səlləm - saqqalından tuturdu. Bu vaxt Muğira ibn Şöbə əlində qılınc və başında dəmir dəbilqə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanında dayanıb onu qoruyurdu. Urva Peyğəmbərin - sallallahu aleyhi və səlləm - saqqalına əl atdıqca Muğira qılıncının qınının ucu ilə onun əlinə vurur və ona: “Peyğəmbərin saqqalından əlini çək!”– deyirdi. Urva başını qaldırıb: “Bu kimdir?”- deyə soruşdu. Onlar: “Bu Şöbənin oğlu Muğiradır!”- deyə cavab verdilər. O, (Muğiraya) dedi: “Ey xain! Mən hələ də sənin xainliyin nəticəsində (Səqif qəbiləsi ilə aramızda) baş vermiş anlaşılmazlıqları həll etməklə məşğulam.”
Cahiliyyət dövründə Muğira bir dəstə adamla[6] yol yoldaşı oldu. O zaman o onları öldürmüş, mallarını götürüb Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlmiş və İslamı qəbul etmişdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə ona belə demişdi: “İslam dininə daxil olduğunu səndən qəbul edirəm, lakin qəsb etdiyin malı götürmürəm!” Sonra Urva Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əshabələrinə nəzər saldı və (öz dostlarına) dedi: “Allaha and olsun ki, Peyğəmbərin ağzından çıxan tüpürcək onlardan birinin ovucuna düşən kimi bu tüpürcəyi üzünə və bədəninə sürtür. Onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirirlər. Dəstəmaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə aparırlar. Onun yanında danışarkən səslərini qaldırmırlar və hörmət əlaməti olaraq onun üzünə baxmırlar!” Sonra Urva tərəfdarlarının yanına qayıtdı və dedi: “Ay camaat! Allaha and olsun ki, mən bir nümayəndə kimi çox padşahların Qeysərin, Xosrovun, Nəcaşinin və başqalarının hüzurunda olmuşam və padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də görmüşəm. Lakin Muhəmmədin r əshabələrinin ona təzim etdikləri kimi heç bir padşaha təzim olunduğunu görməmişəm. Allaha and olsun ki, Peyğəmbərin ağzından çıxan hər bir tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtürlər. Onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirirlər. Dəstəmaz aldığı sudan əldə etmək üçün öz aralarında mübarizə aparırlar. Onun yanında danışarkən səslərini qaldırmırlar və hörmət əlaməti olaraq onun üzünə baxmırlar! Həqiqətən, o sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun təklifini qəbul edin!” Bənu Kinanədən olan bir nəfər dedi: “İzn verin mən gedib onunla danışım!” Onlar: “Gedə bilərsən!”- dedilər. O, əshabələrin yanına yaxınlaşdıqda Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Bu gələn filankəsdir. O elə bir tayfadandır ki, onlar qurbanlıq dəvələrinə çox hörmət edir və onları qiymətləndirirlər. Elə isə qurbanlıq dəvələrini ona tərəf sürün.” Əshabələr dərhal qurbanlıq dəvələrini sürüb ləbbeyk deyə-deyə onu qarşıladılar. O, ləbbeyk deyə-deyə gələn əshabələri və qurbanlıq dəvələri gördükdə dedi: “Subhən-Allah! Onlar Allahın Evini ziyarət etməkdən məhrum olunmağa layiq deyillər.” Sonra o, tərəfdarlarının yanına qayıdıb dedi: “Mən onların ümrə ziyarətində kəsəcəkləri, üzərilərində qurbanlıq nişanəsi olan dəvələrini gördüm. Düşünürəm ki, Allahın Evini ziyarət etməyə onlara mane olmamalıyıq.” Bu vaxt Mikrəz ibn Həfs adlı bir nəfər ayağa qalxıb dedi: “İzn verin, mən gedib onunla danışım!” Onlar: “Gedə bilərsən!”– deilər. O, əshabələrin yanına yaxınlaşdıqda Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Bu gələn Mikrəzdır, o xain adamdır!” O, Peyğəmbərlə söhbət etdiyi vaxt Suheyl ibn Amr onların yanına gəldi. Suheyl ibn Amr gəldikdə Peyğəmbər - sallallahu aleyhi və səlləm - əshabələrə dedi: “Artıq sizin bütün işləriniz yüngülləşdi!” Suheyl ibn Amr Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedi: “Gəl bizimlə sizin aranızda (on illik) sülh müqaviləsi bağlayaq!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - katibini çağırıb müqaviləni yazmağı ona əmr edib dedi: “Yaz! Mərhəmətli, Rəhmli Allahın adı ilə!” Suheyl ibn Amr dedi: Ər-Rəhmana gəldikdə isə, Allaha and olsun ki, mən onu tanımıram! Biz bir vaxtlar yazdığımız kimi yaz: “Allahım, Sənin adınla başlayıram!” Bu vaxt müsəlmanlar: “Allaha and olsun ki, biz yalnız “Bismillahir-Rəhmanir-Rəhim!” yazacağıq!”- deyə etiraz etdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə katibinə əmr edib dedi: “Yaz! Allahım, Sənin adınla başlayıram! Bu, Allahın elçisi Muhəmmədin bağladığı sülh müqaviləsidir...” Suheyl yenə etiraz edib dedi: “Əgər biz sənin Allahın elçisi olduğunu etiraf etsəydik, Onun Evini ziyarət etməyə sənə mane olmazdıq və səninlə vuruşmazdıq. Odur ki, yaz: “Muhəmməd ibn Abdullah!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Baxmayaraq ki, siz məni təkzib edirsiniz, amma, Allaha and olsun ki, həqiqətən, mən Allahın elçisiyəm!” Sonra da katibinə “Muhəmməd ibn Abdullah” yazmağı əmr etdi.
Zuhri demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - Suheylin dedikləri ilə razılaşdı. Çünki o: “Canım Əlində olan Allaha and olsun ki, müşriklər Allahın haram buyurduqlarına riayət etməklə məndən hər nə istəsələr, onlara istədiklərini verəcəyəm!”– deyə söz vermişdi”.
Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona ilk şərtini təklif edib dedi: “Allahın Evini təvaf etməyə bizə əngəl törətməyəcəksiniz!” Suheyl dedi: “Xeyr! Allaha and olsun ki, bu dəfə təvaf etməyə sizə izn verməyəcəyik. Yoxsa ərəblər: “Müsəlmanlar bizim müqavimətimizi qırdılar və bizi məcbur etdilər”– deyə şayiələr buraxacaqlar. Odur ki, gələn ildən etibarən, (gəlib istədiyiniz qədər Allahın Evini ziyarət edə bilərsiniz).” Əli onun dediklərini yazdı. Sonra Suheyl ikinci şərti təklif edib dedi: “Bizim tərəfdən sənin yanına gələn hər bir kəsi, hətta sənin dinini qəbul etsə belə, geri qaytarmalısan!” Müsəlmanlar heyrətlə dedilər: “Subhən-Aallah! Müsəlman olub yanımıza gəlmiş bir kimsə müşriklərə qaytarıla bilərmi?!” Onlar bu məsələni müzakirə edərkən, Əbu Cəndəl ibn Suheyl ibn Amr ayaqları qandallanmış vəziyyətdə onların yanına gəldi. (Əbu Cəndəl İslam dinini qəbul etdiyi üçün Məkkəlilər onu həbs etmişdilər). O, Məkkənin aşağısında həbs olunduğu yerdən qaçmış və nəhayət özünü müsəlmanlara çatdırmışdı. Bu vaxt Suheyl dedi: “Ey Muhəmməd! Bu müqavilənin ilk şərtinə əsasən onu mənə qaytarmalısan!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Biz hələ müqaviləni tamamlamamışıq.” Suheyl dedi: “Allaha and olsun ki, belə olduğu təqdirdə mən də sənin heç bir təklifinlə razılaşmayacağam!” Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Sən Əbu Cəndəli bu müqavilədən istisna et və onu mənə bağışla!” Suheyl dedi: “Mən onu qoyduğumuz şərtdən istisna edib sənə bağışlaya bilmərəm!” Peyğəmbər - sallallahu aleyhi və səlləm: “Sən gəl razı ol, onu mənə bağışla!”- dedi. Suheyl qətiyyətlə rədd edib dedi: “Mən heç cür sənin dediyinə əməl edə bilmərəm”. Bu zaman Mikrəz dedi: “Yaxşı, onu özünüzdə saxlamağa sənə icazə verdik!” (Müqavilə bağlayan Suheyl ibn Amr isə buna razılıq vermədi). Bu vaxt Əbu Cəndəl dedi: “Ey müsəlmanlar! Mən müsəlman olub sığınacaq tapmaq üçün sizin yanınıza gəldim. İndi isə məni müşriklərə təhvil verirlər? Mənim əzab-əziyyətlərə məruz qaldığımı görmürsünüzmü?” O, Allah yolunda muşriklərin çox şiddətli işgəncələrinə məruz qalmışdı.
Ömər ibn Xəttab deyir ki, o zaman mən gəlib Peyğəmbərə - sallallahu aleyhi və səlləm - dedim: “Məgər sən Allahın haqq Peyğəmbəri deyilsənmi?” Peyğəmbər - sallallahu aleyhi və səlləm: “Bəli!”– deyə cavab verdi. Mən dedim: “Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?” O yenə: “Bəli!”– dedi. Mən: “Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?”– deyə soruşdum. O dedi: “Mən Allahın elçisiyəm və heç vaxt Ona asi olmuram! Allah mənə yardım edəcək!” Mən dedim: “Məgər sən bizə: “Bu yaxınlarda Allahın Evinə gedib onu təvaf edəcəyik!”– deyə xəbər verməmişdinmi?” O dedi: “Elədir! Məgər mən sənə məhz bu il təvaf edəcəyimizi xəbər vermişdim?” Mən: “Xeyr!”– deyə cavab verdikdə o dedi: “(Yaxın zamanda) sən mütləq gedib Kəbəni təvaf edəcəksən!” Sonra mən Əbu Bəkrin yanına gəlib dedim: “Ey Əbu Bəkr! Məgər o, Allahın haqq peyğəmbəri deyilmi?” O: “Elədir!”- deyə cavab verdi. Mən dedim: “Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyillərmi?” O: “Elədir!”- deyə cavab verdi. Mən: “Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan verməliyik?”– dedim. Əbu Bəkr dedi: “Ey insan! Həqiqətən, o, Allahın elçisidir və heç vaxt Rəbbinə asi olmur. Allah onun yardımçısıdır. Elə isə ondan yapış (əmr və qadağalarına riayət et). Allaha and olsun ki, o haqq yoldadır”. Mən dedim: “Məgər o bizə: “Bu yaxınlarda Allahın Evinə gedib onu təvaf edəcəyik”– deyə xəbər verməmişdimi?” Əbu Bəkr dedi: “Elədir! Məgər o sənə məhz bu il təvaf edəcəyini xəbər vermişdi?” Mən: “Xeyr!”– dedikdə o dedi: “(Yaxın zamanda) sən mütləq gedib Kəbəni təvaf edəcəksən!” Ömər demişdir: “Mən çoxlu xeyirxah işlər gördüm (ki, Allah etdiyim səhvi bağışlasın)”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - sülh müqaviləsini bağladıqdan sonra əshabələrinə: “Qalxın, qurbanlarınızı kəsin, başınızı qırxdırın!”- deyə əmr etdi.” Allaha and olsun ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - bunu üç dəfə təkrar etdi, lakin əshabələrdən heç biri ayağa qalxmadı. Əshabələrin yerlərindən tərpənmədiyini görən Peyğəmbər - sallallahu aleyhi və səlləm - Ummu Sələmənin yanına gəldi və onların bu etinasızlığını ona xəbər verdi. Ummu Sələmə dedi: “Ey Allahın elçisi! İstəyirsən, onlar sənin əmrinə tabe olsunlar?! Bayıra çıx, sonra qurbanlıq dəvələrini kəsməyincə və dəlləyini çağırıb başını qırxdırmayınca onlara bir kəlmə belə demə!” O, bayıra çıxıb qurbanlıq dəvələrini kəsdi, dəlləyini çağırıb başını qırxdırdı və onlara heç bir söz demədi! Bunu görən əshabələr dərhal qalxıb qurbanlıq dəvələrini kəsdilər və bir-birilərinin başlarını qırxmağa başladılar. Hətta iş o yerə çatdı ki, (onun əmrini daha tez yerinə yetirmək üçün baş vermiş dartışma nəticəsində) əshabələr bilmədən az qala bir-birilərini öldürmüşdülər. Sonra mömin qadınlar Peyğəmbərin r yanına hicrət etdilər və Uca Allah bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. Kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın. Həmin qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir” (əl-Mumtəhənə, 10). Bu ayə nazil olduqdan sonra Ömər iki müşrik zövcəsini boşadı və onlardan birini Müaviyə ibn Əbu Süfyan, digərini isə Səfvan ibn Ümeyyə aldı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - Mədinəyə gəldikdən sonra, müsəlman olmuş qureyşli Əbu Bəsir onun yanına gəldi. Qureyşlilər onu geri qaytarmaq üçün iki adam göndərdi və onlar Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib: “Bizimlə bağladığın sülh müqaviləsinə əsasən Əbu Bəsiri geri qaytar!”- deyə ona müraciət etdilər. O, Əbu Bəsiri həmin iki nəfərə təhvil verdi. Onlar Əbu Bəsirlə Məkkəyə yola düşdülər və nəhayət gəlib zül-Hüleyfəyə çatdılar. Burada onlar (xurcunlarındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsir onlardan birinə: “Ey filankəs, Vallahi ki, sənin bu qılıncın çox gözəldir!”– dedi. Qılıncın sahibi onu qınından çıxarıb dedi: “Doğrudan da, bu çox gözəl qılıncdır. Mən onu bir neçə dəfə təcrübədən keçirmişəm.” Əbu Bəsir: “Göstər görüm necə qılıncdır”- dedi, sonra da fürsət tapıb qılıncı onun əlindən aldı və onun nəfəsini kəsənədək qılıncla onu vurdu. O birisi isə qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onun vahimə içində yüyürə-yüyürə gəldiyini görüb: “Bu adam nədənsə qorxub!”– dedi. O, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəlib dedi: “Vallahi, yoldaşım öldürüldü! (Məni qorumasanız) mən də öldürüləcəyəm.” Bu vaxt Əbu Bəsir gəlib dedi: “Ey Allahın Peyğəmbəri! Allaha and olsun ki, O, sənə vədini yerinə yetirməyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah məni onların əlindən xilas etdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Vay bunun anasının halına! Bu, müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nəfər də onunla həmrəy olsa, (o zaman müharibə alovu qızışacaq və sülh müqaviləsi pozulacaqdır)”. Əbu Bəsir bunu eşitdikdə yenidən müşriklərə qaytarılacağını başa düşdü və Mədinədən çıxıb dənizin sahilinə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl ibn Suheyl də gəlib ona qoşuldu. Daha sonra Məkkə müşriklərindən yaxa qurtaran hər bir müsəlman ona qoşuldu və beləliklə də, onlar qüvvətli bir dəstəyə çevrildilər. Vallahi, onlar hər dəfə Qureyşin ticarət karvanının Şama yola düşdüyündən xəbər tutduqda, karvanın qabağını kəsir və onları öldürüb mallarını götürürdülər. (Bu təhlükəni görən) Qureyş öz tərəfindən bir nümayəndəni Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına göndərdi. Bu dəfə qureyşlilər Peyğəmbəri - sallallahu aleyhi və səlləm - Allaha and verib aralarında olan qohumluq əlaqələrinin hörmətinə görə (onların ticarət karvanlarını Əbu Bəsir və onun camaatından qorumaq üçün) ona yalvarırdı. Onlar Peyğəmbərə - sallallahu aleyhi və səlləm: “(Bundan sonra müsəlman olaraq Məkkədən Mədinəyə) hicrət etmiş hər bir şəxs geri gətirilməyəcəkdir”- deyə xəbər göndərmişdilər”. Peyğəmbər - sallallahu aleyhi və səlləm - əshabələrdən birini Əbu Bəsirin və onun camaatının yanına göndərdi və Uca Allah bu ayələri nazil etdi: “Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir. Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər Məkkədə tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə buna izin vermədi. Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik. Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir” (əl-Fəth, 24-26).
Onların təkəbbür və təəssübü (Hudeybiyə müqaviləsində) “Mərhəmətli, Rəhmli Allahın adı ilə!”, “Allahın elçisi” sözlərini yazmaqdan imtina etmələri və həmin il müsəlmanların Məkkəyə daxil olub, Allahın evini ziyarət etməyə razılıq verməmələri idi”.
əl-Buxari, 2529, 2731-2732.