əs-Səff surəsi 14 – cü ayə
“Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allah İsanı səmaya qaldırmaq istədiyi zaman İsa səhabələrinin qarşısına çıxdı. O zaman onlar evdə on iki nəfər idilər. (İsa evin içindəki bulaqda yuyunduğuna görə) onun saçlarından su damcılayırdı. İsa dedi: “Kim istər ki mənim surətim ona verilsin və mənim yerimə qətlə yetirilsin, sonra cənnətdə mənimlə eyni dərəcədə olsun!” Onların arasından çox gənc bir oğlan ayağa qalxıb dedi: “Mən”. İsa ona: “Otur”- dedi. Sonra o yenə soruşdu. Həmin oğlan ayağa qalxıb yenə: “Mən”- deyə cavab verdi. İsa ona: “Otur”- dedi. Sonra üçüncü dəfə soruşduqda, o yenə ayağa qalxıb: “Mən” - deyə cavab verdi. İsa dedi: “Yaxşı, onda sən olacaqsan”. İsanın surəti ona verildi və İsa evin bacasından səmaya qaldırıldı. Yəhudilərdən olan cəsurlar İsaya oxşadığına görə həmin oğlanı tutdular və öldürdükdən sonra çarmıxa çəkdilər. İnsanlar (İsa barəsində) üç dəstəyə ayrıldılar. Bir dəstə dedi: “Uca Allah istədiyi qədər bizim aramızda qaldı, sonra səmaya yüksəldi”. Bunu deyənlər yəqubiyyə firqəsidir. Digər dəstə dedi: “Allahın oğlu Allahın istədiyi qədər bizim aramızda qaldı, sonra Allah onu öz dərgahına yüksəltdi”. Bunu deyənlər nəsturiyyəlilərdir. Başqa bir dəstə isə belə dedi: “Allahın qulu və elçisi Allahın istədiyi qədər aramızda qaldı, sonra Allah onu Öz dərgahına qaldırdı”. Bunu deyənlər isə (doğru dinə tabe olan) müsəlmanlar idi. Hər iki kafir dəstə birləşib müsəlmanları qətlə yetirdilər. Buna görə də (həqiqi) İslam dini Muhəmmədin Allah tərəfindən göndərilməsinə qədər gizli qaldı. Bu səbəblə Uca Allah bu ayəni nazil etdi: “İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu”. Yəni, İsa peyğəmbərin zamanında iman gətirən və küfr edən zümrələr nəzərdə tutulur. “Biz də - Muhəmmədin dinini kafirlərin dinindən üstün etməklə - iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər” (əs-Saff, 14)”.
ən-Nəsəi “Sunənul-Kubra” 11527, 11591; İbn Əbu Şeybə “Musannəf” 32537; ət-Təbəri “Cəmiul-Bəyən” 34382. Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.