Allah tərəfindən insana gələn ilhamın əlaməti varmı?

    09.12.2019
Kimdən: 
djhd
Sual: 
salamun eleykum.ALLAH terefinden ilham nece olur yeni onun isaresi nece olur?
Cavab: 
Və aleykum Salam. İbn Əsir demişdir: "İlham, kəramətin bir növüdür ki, o barədə düşünmədən, ictihad etmədən insanın nəfsinə, qəlbinə hər hansı bir əməli edib-etməməsi və ya nəfsin günahdan təmizlənməsi üçün təlqin edilən qeyri-adi ilahi bir hissdir". (Camiul-Usul, səh. 213).
Zəkəriyyə əl-Ənsari isə belə demişdir: "İlham haqqı batildən fərqləndirmək üçün Allah tərəfindən qəlbə agah edilən hissdir ki, bununla insanın köksü rahatlıq tapar. Bunu da Allah bəzi seçilmiş, əməlisaleh qullarına bəxş edər...". (əl-Hudud əl-Ənyiqa, səh. 68).

İslam alimləri ilhamı iki qismə bölürlər. Şeytani ilham, bu, şeytan tərəfindən haqq yoldan azanlara təlqin edilən vəsvəsədir. Həmçinin, Allah tərəfindən verilən ilham vardır. Bu, haqq üzərində sabitqədəm olan kəslərə verilir. Məsələn, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) kimi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizdən əvvəlki ümmətlərdə ilham verilən adamlar olurdu. Mənim ümmətimdə beləsi olsaydı, o, Ömər olardı". (Səhih əl-Buxari, №: 3689; Səhih Muslim, №: 2398).
Ömər ibn Xəttab belə deyərdi: "Üç məsələdə Rəbbimin dediklərinə uyğun söyləmişəm.

1. Bir dəfə mən dedim ki, ey Allahın Elçisi! İbrahim məqamını namazgah etsəydik! Sonra bu ayə nazil oldu: "...İbrahimin dayandığı yeri namazgah edin!" Biz İbrahimə və İsmailə: "Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!"– dedik. (əl-Bəqərə, 125).
2. Digəri isə hicab ayəsidir.
Mən dedim: "Ey Allahın Elçisi! Qadınlarına örtünməyi əmr etsəydin yaxşı olardı. Çünki onlarla hər kəs, həm yaxşı, həm də pis insanlar ünsiyyətdə olurlar. Sonra hicab ayəsi nazil oldu: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər...". (ən-Nur, 31).
3. Bir dəfə Peyğəmbərin qadınları bir yerə yığılıb onu qısqandılar. Mən onlara dedim: "Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər". (ət-Təhrim, 5).
Həmçinin oxuyun: Vəhy nədir?
Paylaş: