əl-Munafiqun surəsi 1 – 8 ci ayələr
“Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!"– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər! Onlara: "Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!"– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz. Məhz onlar: "Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!"– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar. Onlar: "Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!"– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər”
Rəvayət edilir ki, Zeyd ibn Ərqam (Allah ondan razı olsun) demişdir: “Döyüşlərin birində mən Abdullah ibn Ubeyyin[1] belə dediyini eşitdim: “Allahın Elçisinin ətrafındakılara köməklik göstərməyin ki, onlar onun ətrafından dağılıb getsin. Əgər biz onu qoyub Mədinəyə qayıtsaq, izzət və hörmət sahibi olanlar[2] alçaq və zəlil olanları[3] (oradan) çıxardacaqlar!” Mən bu sözləri əmimə, yaxud Ömərə dedim, o da bunu Peyğəmbərə - sallallahu aleyhi və səlləm - çatdırdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - məni yanına çağırdı və mən eşitdiklərimi ona danışdım. Sonra o, (bu məsələyə aydınlıq gətirmək üçün) Abdullah ibn Ubeyyin və onun tərəfdarlarının yanına adam göndərdi. Onlar isə belə bir söz demədiklərini sübuta yetirmək üçün and içdilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - mənim dediklərimi yalan saydı və onun andını qəbul etdi. (Onun bu qərarı) məni olduqca kədərləndirdi. Mən hələ heç vaxt belə kədərlənməmişdim. (Bu hadisədən sonra) mən evə qayıtdım və əmim mənə dedi: “Mən istəmirdim ki, o, sənin dediklərini təkzib etsin və sənə acığı tutsun!” Onda Uca Allah (bu surəni) nazil etdi: “Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.” Peyğəmbər - sallallahu aleyhi və səlləm - mənim yanıma bir nəfər göndərib bu ayələri mənə oxuduqdan sonra dedi: “Ey Zeyd, Allah sənin dediklərini təsdiq etdi!”
əl-Buxari, 4520, 4900; Muslim, 2772.