Keçmişdə dindən bixəbər olan insanların aqibəti necə olacaq?
Sual:
Əslində sualarım çoxdu. Amma bəzilərini vermək istiyirəm. Niyə bütün peyğəmbərlər ərəbistan yarmadsına gəlib? Və avstraliyada yaşıyan insanlar 17 ci əsrə qədər kəşf olunmmışdır. Orada yaşayan insanlar islamın, xristianlığın, yahudiliyin adını belə eşitməmişdilər. O insanlar cənnətəmi getdirlər yoxsa cəhhənəmə
Cavab:
Və aleykum Salam. Peyğəmbərlər müxtəlif yerlərə və müxtəlif qövmlərə göndərilmişlər. Avstraliyaya və digər qitələrə peyğəmbərlərin gəlməsi faktı inkar olunmur. Çünki Uca Allah buyurur: "Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!" (ən-Nəhl, 36). Bu ayədə "hər ümmətə" dedikdə hər bir dövrdə yaşayan insanlar nəzərdə tutulur.
Qurani-Kərimdə 25 peyğəmbərin adları çəkilir. Həmçinin, səhih hədislərdə də bir neçə peyğəmbər haqda məlumat verilir. Uca Allah buyurur: "Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə (heç nə )söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı" (ən-Nisa, 124).
Özlərinə heç bir peyğəmbərin dəvəti çatmamış və Kitab gəlməmiş bir dövrdə yaşayan kəslərə gəlincə, bunlara Fətra əhli deyilir. Həmçinin, İslamdan xəbəri olmayanlar və müsəlmanlardan uzaq yaşayanlar da fətra əhlinin hökmünə aid edilir.
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü heç nə eşitməyən kar adam, dəli, düşkünlük çağına çatmış qoca və fətra dövründə yaşayan adamlar olacaq. Kar deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə eşitmirdim”. Dəli deyəcək: “İslam gəldiyi zaman uşaqlar mənə dəvənin peyinini atırdılar”. Qoca deyəcək: “Ey Rəbbim, İslam gələndə mən heç nə dərk etmirdim”. Peyğəmbərlərin ardı-arası kəsildiyi dövrdə yaşayan deyəcək: “Sənin Rəsulun mənə gəlmədi”. Allah onlardan Allaha itaət edəcəkləri barəsində əhdi-peyman alacaq. Onlara elçi göndərəcək və deyiləcək ki, “Oda daxil olun!” Peyğəmbər dedi: “Muhəmmədin canı əlində Olana and olsun ki, əgər onlar itaət edərək oda girsələr, od onlara sərin və salamat olacaq”. (Əhməd, 16344; İbn Hibban, 7357).