İslam dininə görə əxlaq necə olmalıdır?

    03.12.2019
Sual: 
İslamda əxlaq necə olmalı?
Cavab: 
Salam aleykum. İslam dini əxlaq mövzusuna çox böyük əhəmiyyət verir, hətta bu mövzu ilə əlaqədar İslam universitetlerində xüsusi olaraq əxlaq bölməsi açılmış və əxlaq elmi müstəqil bir fənn kimi tədris olunmağa başlamışdır. Əgər İslamı bir ağac kimi vəsf etsək, əxlaq bu ağacın meyvəsidir. Meyvə ağacın bəhrəsi olduğu kimi əxlaq da İslamın bəhrəsidir. Əxlaqı olmayanın dini naqisdir.
İslam əxlaqının iki əsas böyük qaynağı isə Qurani Kərim və Muhəmməd peyğəmbərin həyat yolu və sözləridir. Gözəl əxlaq gözəl xüsusiyyətlərin toplusudur. Gözəl əxlaq insanın davranışına, hər hansı məsələ haqqında qərar qəbul etməsinə böyük təsir göstərir. Kim öz nəfsinin istəyinə deyil, Uca Allahın buyurduqlarına əməl edərsə, heç şübhəsiz ki, gözəl əxlaq sahibi olar və Allah təalanın razılığını qazanmış olar. Peyğəmbərimizin əxlaqı ən gözəl əxlaq nümunəsidir. Onun əxlaqında bütün gözəl xüsusiyyətlər cəm olmuşdur. Onun zövcəsi Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin əxlaqı barədə soruşduqda o, belə söyləmişdir: "Onun əxlaqı Quran idi". Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) vəfatından illər ötüb keçməsinə baxmayaraq onun əxlaqı hər bir müsəlman üçün örnəkdir. Onun həyat tərzi, oturuşu, duruşu, baxışı, danışığı, bir sözlə, bütün söz, əməl və davranışları bizim üçün bir məktəbdir. Bu səbəbdən Uca Allah Peyğəmbəri möminlərə gözəl nümunə edərək buyurur: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir" (əl-Əhzab, 21). 
Hər bir müsəlman Peyğəmbərin sünnəsini öyrənməklə yanaşı onun əxlaqını da öyrənib həyatına tətbiq etməlidir. Peyğəmbəriz demişdir: "Mən əxlaq fəzilətini tamamlamaq üçün göndərildim".
Gözəl əxlaqın fəziləti barəsində Aişədən rəvayət olunan hədisdə Peyğəmbər belə buyurmuşdur: "Mömin olan kəs gözəl əxlaqı ilə oruclu və gecə namazına duran şəxsin səviyyəsinə çatar".
Nəvvas ibn Səman (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullahdan xeyirxahlıq və günah haqda soruşdum, o buyurdu: "Xeyirxahlıq gözəl əxlaqa malik olmaqdır. Günah isə qəlbində bir şeyin düyün atdığı zaman insanların bunu bilməməsini istəməyindir".
əl-Beyhaqi (Allah ona rəhmət etsin) belə demişdir: "Gözəl əxlaq dedikdə nəfsin ən tərifə layiq əməllərə doğru istiqamətləndirilməsi nəzərdə tutulur ki, bu da həm bilavasitə Allahla bağlıdır, həm də insanlar arasında münasibətlər zamanı ortaya çıxır". Həmçinin oxuyun:

Paylaş: