Mehdi və İsa peyğəmbər haqqında nə deyə bilərsiniz?
Aleykum salam. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin (Allah onların hamısından razı olsun) nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o, üzə çıxacaq və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbərin (salləllahu aleyhi və səlləm) adı kimi, atasının adı da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) atasının adı kimi olacaq. Yəni onun adı Muhəmməd ibn Abdullah olacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək". (Əbu Davud, 4282).
Mehdi haqqında Qurani Kərimdə heç bir məlumat yoxdur. Onun haqqında yalnız hədislərdə məlumat verilir.
İsa peyğəmbərə (Allahın ona salamı olsun) gəlincə, o, Allah Təalanın İsrail oğullarına göndərdiyi əzmkar peyğəmbərlərdəndir (Allahın ona salamı olsun). Uca Allah buyurur: "İsa aydın dəlillərlə gəldiyi zaman dedi: "Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!" (əz-Zuxruf, 63-64).
Onun peyğəmbərliyi sona çatdıqda Uca Allah onu öz dərgahına qaldırmışdır. Qiyamətə yaxın vaxtda isə o, yer üzərinə enəcəkdir. O, Dəccalı öldürəcək və müsəlmanların sırasında yəhudilərə qarşı vuruşacaqdır. Onun Qiyamətə yaxın vaxtda yer üzərinə enməsi Qiyamətin on böyük əlamətlərindən biri hesab olunur. Uca Allah bu haqda buyurur: "Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!" (əz-Zuxruf, 61).