Əbəsə surəsi 1 – 4 cü ayələr
“O qaşqabağını sallayıb üzünü yana çevirdi. Yanına bir korun gəlməsinə görə. Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi və yaxud nəsihət dinləyib faydalanacaqdı”
Rəvayət edilr ki, Aişə (Allah ondan razı olsun) demişdir: “O qaşqabağını sallayıb üzünü yana çevirdi” (ayəsi və bundan sonrakı ayələr) kor olmuş ibn Ümmi Məktum barəsində nazil olmuşdur. O, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gəldi və dedi: “Ey Allahın Elçisi! Məni haqq yoluna istiqamətləndir”. Müşriklərin başçılarından biri Allah Elçisinin - sallallahu aleyhi və səlləm - yanında olduğundan o, İbn Ümmi Məktumdan üz çevirdi və müşriklərin başçısına tərəf döndü. O: “Məgər mənim dediyimdə bir anlaşılmazlıq var?”- dedi və bu ayələr nazil oldu”.
ət-Tirmizi, 3331, 3651; əl-Hakim, 3896. əl-Albani, Ali Nasr, Muqbil və əl-Hilali səhih olduğunu bildirmişlər.
Ənəs ibn Malik (Allah ondan razı olsun) bu ayə “O qaşqabağını sallayıb üzünü yana çevirdi” (Əbəsə, 1) haqda demişdir: “İbn Ümmi Məktum Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yanına gələndə o, Ubey ibn Xələf ilə söhbət edirdi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - İbn Ümmi Məktumu görəndə ondan üz çevirdi. Uca Allah da bu ayələri nazil etdi: “O qaşqabağını sallayıb üzünü yana çevirdi. Yanına bir korun gəlməsinə görə...” Bu ayələr nazil olduqdan sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm - ona ehtiram göstərirdi”.
Abdur-Razzəq “Təfsir” 3493; Əbu Yəalə “Musnəd” 3123; ət-Tabəri “Cəmiul-Bəyən” 36660. Şeyx Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.