Universitetə qəbul olmaq üçün dərslərə hazırlaşmağa həvəsimi necə artırım?
Aleykum salam. İnsan gərək daim ona dünya və Axirətdə faydalı olan şeylərə can atsın və bu yolda zəifləməsin. İlk növbədə bu işdə Allaha təvəkkül etməli daha sonra düzgün səbəblərdən tutmalıdır. Universitetə qəbul olmaq üçün isə düzgün səbəb yaxşı oxumaqdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur: "Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Buna baxmayaraq onların hər ikisində xeyir var. Sənə fayda verən şeylərə həris ol, Allahdan kömək dilə və aciz olma!" (Muslim, 2664). Ona görə də, bu yolda zəifləməyin. Bilin ki, hər çətinlikdən sonra rahatlıq gəlir. Əgər indi bu çətinliyə qatlaşmasanız, ola bilsin ömrünüzün qalan illərində bunun peşmançılığını çəkəsiniz. Lakin əgər 1 il çətinlik çəkib qəbul olsanız, bunun bəhrəsini in şəə Allah ömrünüz boyu görəcəksiniz. Allahdan kömək istəyin. Allah sizi müvəffəq etsin!