İnsanın torpaqdan yaradılması haqqında
Assalamu aleykum. İslamın bütpərəstlik üzərində qurulması fikri kökündən yanlışdır, çünki islam bütlərə ibadət etməyi şiddətlə qadağan edir. Məgər ilk insanın torpaqdan yaradılması onun bədənin başdan ayağa torpaqdan ibarət olmasını bildirir? Halbuki son elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, insan hüceyrəsini təşkil edən kimyəvi elementlərdən elə birisi yoxdur ki, o torpaqda olmasın. Uca Allah buyurur: "Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" (əl-Mu'minun, 12-14). Bu ardıcıllıq müasir elmlə tam təsdiq olunmuşdur. Qurani-kərimdə 1400 il bundan əvvəl, elm və texnologiyanın inkişaf etmədiyi bir dövrdə, insanın ana bətnindəki inkişaf mərhələləri, göy cisimlərinin hərəkəti, atmosfer təbəqələri, dağların qoruyucu funksiyası və s. haqqında çox dəqiq məlumatlar verilmişdir (Kainat necə yaranıb?). Yalnız son əsrdə kəşf edilmiş bu məlumatlar Quranın insan sözü yox, göylərin, yerin və bütün məxluqların yaradıcısı olan Uca Allahın sözü olduğunun sübutlarından biridir. Ona görə də sizi Allahın ayələrinə "səhv fikir" deyərək təkzib etməkdən çəkinməyə və Quranı daha diqqətlə oxumağa çağırırıq. Allah hamımıza kömək olsun.