Qırx il İşa namazının dəstəmazı ilə Fəcr namazını qılan kimdir?
Əssələmu aleykum. Bəziləri qırx il İşa namazının dəstəmazı ilə Sübh namazını qılmağı İmam Əbu Hənifəyə (Allah ona rəhmət eləsin) nisbət edirlər. Bu o deməkdir ki, o, ömrünün qırx ilini gecələr yatmayıb ibadətlə keçirmişdir. Lakin bu haqda səhih bir məlumat yoxdur. İslam alimləri bildirirlər ki, Əbu Hənifə kimi böyük alimə hər namaz üçün dəstəmaz almaq kimi fəzilətli əməli tərk edərək İşa namazının dəstəmazı ilə Sübh namazını qılmaq yaraşmazdı. (Bax: əl-Feyruzabadi "ər-Raddu aləl-Mutərid" (1/44)).
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər namazdan əvvəl dəstəmaz alardı. (əl-Buxari, 214). ət-Tirmizidə gələn rəvayətdə isə: "İstər dəstəmazlı, istərsə dəstəmazsız olsun" - əlavəsi vardır.
Əbu Hənifə tabiindir. Tabiin müsəlman olduğu halda səhabəni görənə deyilir. O, Ənəs ibn Məlik və Abdullah ibn Əbu Əvfə (Allah onlardan razı olsun) kimi səhabələri görmüşdür. Lakin onlardan hədis rəvayət etməmişdir. İmam Əbu Hənifə Əli və İbn Abbası (Allah onlardan razı olsun) görməmişdir.