Axirətin baş verəcəyini sübut edən dəlillər varmı?

    11.11.2019
Kimdən: 
Рафаел
Sual: 
Salam aleykum. Bildiyimiz kimi yoxluqdan gelmiwik. Yeni geldiyimiz yerin adi ana betni olsa da bu dunyada var olmamiwdan qabaq ora bizim uchun bir yoxluqdu. Cunki hec ne xatirlamiriq. Gedeceyimiz yerin adin Axiretdi. Orada yoxluqdu. Cunki qeyb alemidi. Bu 2 yoxluq arasinda yegane var oldugumuz yer dunyadi. Burada da yawayiwin menasi yoxdu. Gedeceyimiz bize yoxluq kimi goruren axiret mekanibmenali ve ebedidi. Lakin qeyri melumdu. Bunun var olacaginin heqiqi isbati elmi ve weriet cehetden nece isbat olunur. Zehmet olmasa bu qarinliq meqama tefsilatli wekilde linke yoneltmeden izah vererdiniz.Saytinizda bu barede linkleri oxudum. Ama duzunu deyim tam qane etmedi. Onceden twk edirem..
Cavab: 

Va aleykum salam. Əslində mömin insanın Axirətə iman gətirməsi üçün Uca Allahın bu barədə Öz Kitabında (Quranda) və Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dili ilə xəbər verməsi kifayətdir. Uca Allah bu barədə Quranda bizə xəbər vermiş, həmçinin Peyğəmbərinə də göstərmişdir. Axirət bizə görə qeyb olsa da, biz möminlər ona yəqinliklə iman gətirmişik. Çünki qeybə iman gətirmək mömin insanın vəsflərindən biridir. Uca Allah Quranda möminlərin sifətlərini qeyd edərkən ilk olaraq bu sifəti qeyd etmişdir. Uca Allah buyurur: "Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər" (əl-Bəqərə, 2-3).

Bununla yanaşı Axirətin baş verməsinin həqiqiliyinə dəlalət edən əqli sübutlar da vardır:

1) Allahın ədalətli olması Axirətin baş verməsinə ən böyük dəlildir. Çünki Uca Allahın adil olması hər kəsin əməllərinə uyğun olaraq əvəzinin verilməsini tələb edir. Əgər Allah hər kəsin mükafatını və cəzasını bu dünyada dərhal versəydi, əməllərin səmimiyyəti itərdi. Hər kəs yalnız mükafat almaq xatirinə yaxşılıq edər, yalnız cəzadan qorxduğuna görə günahdan qaçardı. Axirətin olmaması bu dünyada baş verən haqsızlıqların cavabsız qalması deməkdir. Bu isə Uca Allahın ədalət sifətinə yaraşmaz. Uca Allah bu xüsusda buyurur: "O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır"  (əz-Zəlzələ, 6-8).

2) Axirətə dəlalət edən sübutlardan biri də insanın mərhələlərlə yaradılmasıdır. Yəni, insanı ilk dəfə torpaqdan, sonra nütfədən yaradan Allah, öldükdən sonra onu yenidən yaratmağa qadirdir. Uca Allah buyurur: "Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir" (əl-Həcc, 5-7). 

Uca Allah Quranda insanının yaradılış mərhələlərini bildirərək buyurur: "İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun" (əl-İnsan, 1-3).

əs-Sadi bu ayələrin təfsirində demişdir: "Uca Allah burada insanın yaradılış mərhələlərini - əvvəl, orta və son mərhlələrini qeyd edərək bildirir ki, insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanmayan yoxluq olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra Uca Allah insanı yaratmaq istədikdə onun ulu babasını Adəmi torpaqdan və su ilə yoğrulmuş palçıqdan yaratdı. Sonra onun nəslini "qarışıq bir nütfədən" yaratdı. "Biz onu imtahana çəkəcəyik" - yəni biz bununla onu imtahana çəkirik, görəsən ilk halını xatırlayacaqmı, yoxsa bunu unudacaq və nəfsinə arxayın olacaq? Uca Allah insanı var etmiş və ona həm mənəvi, həm də fiziki qüvvət vermişdir. Ona göz, qulaq və digər əzalar yaratmışdır. Bu əzaları onun üçün sağlam etmişdir ki, istədiklərinə nail olsun. Sonra ona elçi göndərmiş, müqəddəs Kitablar nazil etmiş və onu Allaha aparan yola yönəltmişdir. Göndərdiyi elçilər və nazil etdiyi Kitablar vasitəsilə insanı bu yola rəğbətləndirmiş və sonda Allaha qovuşduqda onu gözləyəcək nemətlər barədə xəbər vermişdir. Sonra Uca Allah insana həlak yolunu da bildirmişdir. İnsanı bu yoldan çəkindirmiş, bu yolu tutduğu təqdirdə onu gözləyəcək əzab barədə xəbərdar etmişdir. İnsanı bununla imtahana çəkmişdir və insanlar bu xüsusda iki qismə bölünmüşlər: 

1) Allahın haqqını yerinə yetirməklə Allahın nemətlərinə şükür edənlər; 2) Rəbbini inkar etməklə Allahın ona verdiyi dünyəvi və dini nemətlərə nankorluq edib həlak yolunu seçənlər. Uca Allah növbəti ayələrdə hər iki yolun yolçularına etdiklərinin əvəzlərini verdiyi vaxt düşəcəkləri halı qeyd edərək buyurur: "Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq. Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər. Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər. Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar. Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: "Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!" Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər və onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar. Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər. Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək. Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır. Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir. Onlara deyiləcəkdir: "Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir"" (əl-İnsan, 4-22). 

Həmçinin qeyd edək ki, yer üzündə mövcud olan bütün səmavi dinlər Axirətin baş verəcəyini təsdiqləyir və bunu yalnız Allahın varlığını inkar edən ateistlər qəbul etmir. 




Teqlər: 
Paylaş: