Müsəlmanların parçalanmalarının səbəbi nədir?
Va aleykum sələm. Uca Allah müsəlmanlara bir ümmət olmağı və parçalanmamağı əmr edərək buyurur: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir çuxurun lap kənarında ikən O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz". (Ali İmran, 103).
İbn Kəsir bu ayənin təfsirində demişdir: "Başqa bir rəyə görə "Allahın ipi" dedikdə, Quran nəzərdə tutulur. Bu mənada xüsusi olaraq hədis varid olmuşdur. Zeyd ibn Ərqamdan rəvayət etmişdir ki, Peyğəmbər demişdir: "Mən sizə Allahın Kitabını qoyub gedirəm. O, Allahın ipidir, kim ona sarılarsa, doğru yolda olar". (İbn Hibban, 123; Səhih Muslim, 2/238; Silsilə əs-Səhihə, 2024).
Uca Allah "parçalanmayın" deyə buyuraraq möminlərə camaat olmağı əmr edir və parçalanmağı qadağan edir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tutur. Sizin yalnız Ona ibadət edib heç nəyi Ona şərik qoşmamağınızdan, hamılıqla Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın sizə nəsib etdiyi ixtiyar sahiblərinizlə səmimi davranmanızdan razı qalır. Dedi-qodu yaymağınıza, çox sual verməyinizə və malı israf etməyinizə isə qəzəbi tutur". (Səhih Muslim, 3236, 4578).
Çoxsaylı səhih hədislərdə möminlərin həmrəy olduqları təqdirdə səhvdən qorunmalarına zəmanət verilmiş, parçalanıb firqələrə ayrılmalarından çəkindirilmişdir. Lakin çəkindirilən bu hal artıq ümmətdə baş vermiş və bu ümmət yetmiş üç firqəyə bölünmüşdür. Bu yetmiş üç firqədən yalnız biri Cəhənnəm əzabından xilas olub Cənnətə girəcək "Firqatun-Nəciyə" (nicat tapan firqə) olacaq. Bunlar Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) və səhabələrinin (Allah onlardan razı olsun) tutduğu yol üzərində olanlardır. Burada İbn Kəsir bu hədisi nəzərdə tutur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, sizdən əvvəlki iki Kitab əhli (yəhudilər və xaçpərəstlər) dinlərində yetmiş iki firqəyə bölünmüşdülər. Vaxt gələcək bu ümmət yetmiş üç firqəyə (yəni, bidətlər, dində yeniliklər edəcəklər) bölünəcək. Bu firqələrdən biri istisna olmaqla yerdə qalanı Cəhənnəmə düşəcək. İstisna olan firqə camaatdır. Ümmətimdən bir qrup insanlar çıxacaq ki, quduzluğun insana nüfuz etdiyi kimi bu bidətlər onlara daxil olacaq. Bu bidətlərin onlarda yerimədiyi damar və oynaq qalmayacaqdır. Ey Ərəblər! Allaha and olsun ki, əgər siz Peyğəmbərinizin (salləllahu aleyhi və səlləm) gətirdiklərinə əməl etməsəniz, sizdən başqaları bunları heç etməyəcəklər". (İmam Əhməd, 16979, 17061; əl-Hakim, 443).
Müsəlmanların parçalanmasının bir çox səbəbləri var. Bu səbəblərdən bəziləri bunlardır:
1) Təəssübleşlik. Yəni, hansısa bir firqəyə, camaata, qövmə və s. təəssübkeşlik etmək. Bu səbəb müsəlmanların parçalanmasının ən əsas səbəblərindəndir. Halbuki Uca Allah bizə ixtilaf etdiyimiz məsələlərdə Qurana və səhih hədislərə müraciət etməyimizi buyurur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisa, 59).
Burada Allaha və Peyğəmbərə müraciət etmək dedikdə Quran və Sünnə (hədislər) nəzərdə tutulur. Bəzi insanlar üzərində olduqları əqidənin, yolun səhv olduğunu bilə-bilə inadkarlıqlarından və təəssübkeşliklərindən bu yoldan dönmürlər. Halbuki, hər hansı bir məsələdə Quran ayəsi və Peyğəmbər hədisi zikr olunduqda, insan gərək öz nəfsini və şəxsi maraqlarını tərk edib dəlilə sarılsın.
2) Ad-san və şöhrətpərəstlik. Bəziləri səhv yolda olduqlarını bildikləri halda bu yoldan dönmürlər, çünki döndükləri təqdirdə insanlar arasında qazandıqları nüfuzlarını itirəcəklərindən qorxurlar.
3) Mütəşabih (mənası aydın olmayan) ayələrə uymaq. Demək olar ki, bütün batil firqələr etiqadlarında Qurandan ayələrə əsaslanırlar. Lakin bu ayələrə diqqət etsək, görərik ki, əslində bu ayələr onların öz əleyhinədir. Quran ayələrini düzgün başa düşmək üçün təfsir kitablarına müraciət etmək lazımdır. Uca Allah bu barədə buyurur: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edərlər". (Ali İmran, 7).
İbn Kəsir bu ayənin təfsirində demişdir: "Uca Allah bu ayədə Quranda mənası aydın olan (muhkəm) ayələr olduğunu və bu ayələrin “Ummul-Kitəb” (Kitabın anası) olduğunu xəbər verir. Yəni, dəlalət etdikləri məna hər kəs tərəfindən açıq-aydın başa düşülən və heç kəsə qaranlıq qalmayan ayələrdir. Həmçinin, Uca Allah xəbər verir ki, Quranda digər bir qisim – mənası aydın olmayan (mutəşabih) ayələr də var və insanlardan bir çoxu və ya bəziləri bu ayələrin dəlalət etdikləri mənanı başa düşməkdə çətinlik çəkirlər. Kim bu ayələrə mənası aydın olan ayələrlə açıqlama verərsə və mutəşabih ayələrin mənasını aydın olan ayələrin işığında düşünərsə, artıq doğru yolu tapmışdır. Bunun əksini edən isə azğınlığa düşər. Bu səbəbdən Uca Allah: "...bunlar da Kitabın anasıdır" - buyurur. Yəni, muhkəm ayələr çaşqınlıq baş verdikdə müraciət ediləcək əsas ayələrdir. "Digərləri isə mənası aydın olmayan ayələrdir" - yəni, dəlalət etdikləri məna baxımından muhkəm ayələrə uyğun gəlməsi ehtimal olunan ayələrdir. Bununla belə bu ayələrin məqsəd baxımından deyil, ləfz və ifadə baxımından başqa bir şeyə dəlalət etmələri də mümkündür. Uca Allah ayədə: "fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə" - buyurur. Yəni, özlərinə tabe olanları azdıraraq etdikləri bidət əməllərdə (dində yeniliklərdə) Qurana əsaslandıqlarına inandırmaq üçün mənası aydın olmayan ayələrin ardınca düşərlər. Halbuki, bu ayələr onların lehinə deyil, əleyhlərinə olan bir dəlildir".
4) Özünü kafirlərə bənzətmək və onların adətlərinə uymaq. Uca Allah və Onun Peyğəmbəri bizi kafirlərə bənzəməkdən çəkindirmişlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Peyğəmbərə: "Bizə qayğı göstər!" - deməyin; “Bizə nəzər yetir!" - deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir". (əl-Bəqərə, 104).
İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah bu ayələrdə möminlərə sözlərində və əməllərində kafirlərə bənzəməyi qadağan etmişdir. Belə ki, yəhudilər söz deyərkən ikibaşlı danışaraq qəsd etdikləri təhqiri gizlədirdilər. Məsələn اِسْمَعْ لَنَا [ismə lənə] "Bizə nəzər yetir!" demək əvəzinə رَاعِنَا [rainə] "Bizə qayğı göstər!" deyirdilər. Belə deməklə qəsd etdikləri رُعُونَة [ruunə] "səfeh" sözünü gizlədirdilər". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır". (Əbu Davud, 4031).
Müsəlmanların bir ümmət olaraq birləşmək üçün onlar hər şeydən əvvəl düzgün əqidə - tək olan Allaha ibadət edib Ona heç nəyi şərik qoşmamaq və Peyğəmbərə itaət etmək üzərində olmalıdırlar.