Paxıllıq hissinə necə qalib gəlmək olar?

    07.01.2020
Kimdən: 
ilahə
Sual: 
Salam bir suallm var.Hər insanın özüneməxsus xususiyyetleri var bu xasiyyetleri bize Allah verib yoxsa özümüz idare edirik ?meselen paxıllıq hissi men istemirem kiminse paxıllığını çekim ama ele olirki görürem paxıllıq hissi qelbimde oyanır biruze vermirem mehv elemek istiyrem o hissi ama yenede baş qaldırır.
Cavab: 

Va aleykumus-sələm.

Həsəd (paxıllıq) qəlb xəstəliklərindən biridir. Göy üzündə və yerdə Allaha asi olmağa səbəb olan ilk əməl həsəd olmuşdur. Belə ki, İblisin Adəmə səcdə etməsinə həsəd aparmağı mane olmuşdu. Adəmin iki oğlundan birinin - Qabilin, digərini - Habili öldürməsinə səbəb yenə də həsəd aparmağı olmuşdur. Alimlər həsədə belə tərif vermişlər: Həsəd - bir şəxsin başqa birində olan nemətin yox olmasını və ya ona keçməsini arzu etməsidir. Əgər insan başqa birində olan nemətin yox olmasını deyil, sadəcə özündə də belə bir nemətin olmasını arzu edirsə, bu, həsəd deyil qibtə adlanır və qibtə etmək günah sayılmır. Həsəd elə bir qəlbi xəstəlikdir ki, bu xəstəlikdən yalnız az insanlar xilas ola bilirlər. Ərəblərdə belə bir hikmətli söz var: "Həsəddən heç kəs yaxa qurtara bilməz. Ağıllı insan bu hissi gizlədə bilir. Ağılsız isə biruzə verir". Bir nəfər əl-Həsən əl-Bəsridən soruşur: "Mömin insan paxıllıq edə bilərmi?" əl-Həsən əl-Bəsri cavabında deyir: "Yusuf peyğəmbərin qardaşlarının ona etdiklərini nə tez unutdun?! Kiməsə qarşı paxıllıq hiss etdikdə onu gizlət. Nə qədər ki, paxıllıq etdiyin adama əlinlə və ya dilinlə əziyyət verməmisən, bil ki bu hiss sənə zərər verməz". İnsan bacardığı qədər həsəd etməkdən çəkinməlidir. Çünki həsəd etmək Uca Allahın başqasına verdiyi nemətlə razılaşmamaq deməkdir. Bu isə Uca Allahın qədərinə etiraz etmək sayılır. Həsəd etmək başqasına deyil, insanın özünə zərər verir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) həsəd etməkdən çəkindirərək demişdir: "Həsəd etməkdən çəkinin! Həqiqətən həsəd etmək savabları od odunu yandırdığı kimi yandırıb yox edir" (Əbu Davud, 4903). Həsəddən xilas olmağın bir neçə yolu var:

1) Həsəd etməyin və həsəd edənin şərindən Allaha sığınmaq. Uca Allaha bu qəlb xəstəliyindən sağalmaq üçün dua etmək. 

2) Həsəd etmək həsəd olunanadan çox həsəd edənin özünə zərər verdiyini düşünmək. Belə ki, həsəd edən daim özü sıxıntı və üzüntü içində olur. Hər dəfə həsəd etdiyi adamı gördükdə gərginlik keçirir.

3) Həsəd etdiyi adam üçün dua etmək. Onu hər yerdə xeyirlə yad etmək. Bu, insana ağır gəlsə də, həsədi müalicə etmək üçün ən yaxşı yoldur. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 34-36). 

4) Həsəd etməyin Uca Allahın qəzəbinə səbəb olduğunu düşünmək. Paxıl adam Allahın başqasına nemət verməsinə nifrət edir və bunun qarşısının alınmasını arzulayır, beləliklə də, Allaha asilik etmiş olur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!” (Səhih əl-Buxari).

Həsəd barədə həmçinin bu linkləri oxuyun:

Teqlər: 
Paylaş: