Niyə yaxşılığı Allah rizası üçün edirik?

    17.04.2020
Kimdən: 
Sultan
Sual: 
Salam aleykum.Necesiz?Yaxşılıği edende niye Allah rızası üçün edirik.Allah qorxumuz ve ya sevgimiz olmasaydı bu yaxşılığı etmeyecekdikmi?Cenneti istədiyimiz üçün neise umaraqmi yaxşılıq edirik?Ateistden geldi mene.Mende size unvanladim.Allah razı olsun
Cavab: 
Va aleykumus-Sələm. Hər bir insan etdiyi yaxşılıqlarının bəhrəsini və qarşılğını almaq istəyir. İxlaslı mömin insanlar etdiyi yaxşılığın mükafatını Uca Allahdan umur və bu dünyada qarşılıq istəmir. Bəzi insanlar isə etdiyi yaxşılığı şan-şöhrət, dünya malı əldə etmək və ya şəxsi maraqları xatirinə edir. Halbuki, hər bir işin dəyəri o əməlin Allah qatında qəbul olunması ilə ölçülür. Allah isə yalnız Onun rizası üçün edilən əməlləri qəbul edir. Allahın rizası umulmadan edilən istənilən əməl dünya həyatı kimi fanidir, keçicidir. Dünyada olan hər şey bir gün yox olacaq. Buna görə də Allahı inkar edənlərin dünya həyatında göstərdikləri səylər və etdikləri yaxşılıqlar bir ilğıma bənzədilmişdir. Bu şəxslər Axirət günü dünyada yaxşılıq sanıb etdikləri bütün səylərinin boşa çıxdığını görəcəklər. Uca Allah bu xüsusda buyurur: "Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir". (ən-Nur, 39).
Bir insan dünyanın ən vacib işini görmüş olsa belə, etdiyi əməli Allah üçün olmazsa, Allah qatında qəbul olunmaz. Allah üçün edilməyən bir iş insanın ətrafındakı hər kəs tərəfindən təqdir edilməsi və bu insanın yaxşı işlər görən birisi kimi tanınması, heç də bu əməlin qəbul olunması demək deyildir. Uca Allah bu cür əməl sahiblərinin Axirətdəki halları barədə bildirərək buyurur: "De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik". Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir. İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər". (əl-Kəhf, 103-108).
Bir səhabə Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cahiliyyət dövründə insanlara yaxşılıq edən atası barədə soruşduqda, Peyğəmbər ona dedi: "Atanın bu yaxşılıqları etməkdə məqsədi vardı və ona da artıq nail olmuşdur". (İmam Əhməd, 4/379).
Allaha inanan və etdiyi yaxşılıqların mükafatını Allahdan uman insan, Allaha inanmayan və yalnız şəxsi maraqları xatirinə yaxşılıq edən insandan yaxşılıq etməyə daha həris olur. O, bu yolda hətta malından və canından keçməyə hazır olur. Allaha inanmayan insan isə yaxşılıq etməyə həvəssiz olur və hər bir işdə yalnız öz şəxsi marağını güdür. Bu səbəbdən peyğəmbərlər ən yaxşı insanlar olmuşlar. Mömin insanlar da peyğəmbərlərin varisləri kimi onların yolunu davam etdirirlər. Həmçinin oxuyun:
Əməllər niyyətlərə bağlıdır
Hər zaman bar verən ağac
Paylaş: