İnsan öləcəyini hiss edə bilərmi?
Va aleykumus-sələm. Bir insanın nə zaman və harada öləcəyini yalnız Allah bilir. Uca Allah bu xüsusda buyurur: "Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır" (Loğman, 34). Buna görə də sizə gələn hisslər şeytanın vəsvəsələridir. Bilin ki, əcəl Uca Allah tərəfindən artıq yazılmışdır. Uca Allah buyurur: "Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır" (əl-Munafiqun, 11). Uca Allah insanı ali bir məqsəd üçün - yalnız Ona ibadət etmək üçün yaratmışdır. Bu dünya fani və keçicidir. Hər bir canlı ölümü dadacaqdır. Lakin insan bu dünyada bacardığı qədər Uca Allahın ona buyurduğu əmrlərə itaət edib, qadağalardan çəkinməlidir. Məhz belə etdikdə insan qəlbən rahatlıq tapır və Rəbbi ilə görüşə istənilən vaxt hazır olur. Həmçinin oxuyun: