Günah işlərdə rəhbərə itaət etmək olarmı?
Va aleykumus-sələm. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin" (ən-Nisa, 59).
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Müsəlmana asilik əmr olunmadıqca, istədi və ya istəmədi, əmiri dinləyib ona itaət etmək vacibdir. Lakin əgər asilik əmr olunarsa, onda nə dinləmək, nə də itaət etmək olmaz”. (əl-Musnəd, 622, 724, 1018).
Ubadə ibn Samit (Allah ondan razı olsun) demişdir: “Bir dəfə Peyğəmbər bizi öz yanına çağırdı və biz ona beyət etdik. Xoş günümüzdə və sıxıntı anlarımızda, düşdüyümüz çətin və asan hallarda, habelə haqqımızı ödəməsələr belə, əmirləri dinləyib itaət edəcəyimizə dair ona beyət etdik. Habelə, əmirə qarşı çıxmayacağımıza söz verdik. Peyğəmbər dedi: “Yalnız əmirin açıq-aşkar küfr etməsi və buna dair Allah tərəfindən dəlil-sübutun olması istisnadır”. (əl-Musnəd, 4668, 6278; ət-Tabəri, 9877, 9878).
Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilən başqa bir hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Başı kişmiş kimi qara bir həbəşi kölə üzərinizdə hökmranlıq etmiş olsa belə, əmrlərini eşidib ona itaət edin”. (əl-Buxari, 13/5-6 Fəthul-Bari; Muslim, 2/76, 87).
Səhih bir hədisdə Əbu Zərin (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Sevimli dostum (Peyğəmbər) mənə vəsiyyət etmişdir ki, üzərimdəki əmir əli-ayağı kəsik həbəşli bir kölə olsa belə ona itaət edim”. (Muslim, 2/85).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Kim öz rəhbərindən xoşagəlməz bir münasibət görsə, qoy buna səbir etsin. Çünki kim əmirin itaətindən bircə qarış kənara çıxmış halda ölərsə, cahilliyət dövründə olduğu kimi ölmüş olar”. (Muslim, 8912; Əhməd, 5386).
Bu səhih hədislərdən aydın olur ki, rəhbərə yalnız xeyirxah əməllərdə tabe olmaq vacibdir.