Bibioğlu ilə dayıqızı evlənə bilərmi?
Va aleykumus-sələm. Bibioğlu ilə dayıqızı bir-biri üçün məhrəm sayılmadığına görə evlənə bilərlər. Uca Allah evlənməsi qadağan olan qadınları ən-Nisa surəsinin 22-24-cü ayələrində bildirmişdir: "Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Çünki bu, iyrənc və qəzəb doğuran bir əməl, həm də pis bir yoldur. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızdan olan himayənizdəki ögey qızlarınız, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda onlarla evlənməyiniz sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. Sahib olduğunuz cariyələr istisna olmaqla, evli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqası ilə, nikah bağlamaqla, zinakarlığa yol vermədən, mallarınızı sərf edərək (mehrlərini verərək) evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə, onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir". (ən-Nisa, 22-24).
Uca Allah bu ayələrdə evlənməsi haram olan (məhrəm) qadınları qeyd etmişdir. Biz bu ayələrə diqqətlə fikir versək görərik ki, burada haramlıq iki qismdir:
- Əbədi haramlıq: Bu o deməkdir ki, qadın heç vaxt həmin kişiyə ərə gedə bilməz.
- Müvəqqəti haramlıq: Bu isə o deməkdir ki, qadın hal-hazırda mövcud olan müəyyən səbəblərə görə həmin kişiyə ərə gedə bilməz. Əgər mövcud səbəblər aradan qalxarsa, onların evlənmələri halal sayılar.
Əbədi haramlığın səbəbləri bunlardır: Nəsəb, kürəkənlik və süd əlaqəsi.
Birinci; Nəsəb səbəbi ilə evlənməsi haram olanlar:
Analar, qızlar, bacılar, bibilər, xalalar, qardaş və bacı qızları.
İkinci; Kürəkənlik səbəbi ilə evlənməsi haram olanlar:
- Arvadın anası (qayınana): Burada evləndiyi qadınla yaxınlıq edib-etməmək şərt deyil. Sadəcə olaraq həmin qadının qızı ilə nikah bağlayarsa, artıq onun ansı ilə evlənmək haram olur.
- Cinsi əlaqədə olduğu qadının qızı: Əgər qadınla nikah bağlayıb ona cinsi yaxınlıq etməzsə, qızı ilə evlənmək ona halal olar. Uca Allah buyurur: "...Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir..."
- Oğulun arvadı (gəlin): Belə halda sadəcə nikah bağlamaqla haram sayılır.
- Atanın arvadı: Atanın nikah bağladığı qadınla oğulun evlənməsi haramdır.
Üçüncü; Süd əlaqəsi ilə evlənməsi haram olanlar:
Uca Allah buyurur: "...süd analarınız, süd bacılarınız... ilə evlənmək haram edildi".
Həmçinin Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Övladlıqla haram olunan, süd əlaqəsi ilə də haramdır". (Səhih əl-Buxari, 9/139, 5099; Səhih Muslim, 2/1068/1444; ət-Tirmizi, 2/307/1157; Əbu Davud, 6/53/2041; ən-Nəsai, 6/99).
Buna əsasən süd anası doğma ana kimidir. Oğlan uşağına ana tərəfdən nəsəb səbəbi ilə haram olanlar, süd əlaqəsi səbəbi ilə də haramdır. Beləliklə, süd əmən oğlan uşağı bu qrup qadınlarla evlənə bilməz:
- Süd anası.
- Süd anasının anası.
- Süd anasının qayınanası.
- Süd anasının bacısı.
- Süd anasının ərinin bacısı (baldız).
- Süd anasının oğul və qız nəvələri.
- Süd bacısı.
Yuxarıda qeyd olunanlardan başqa qadınlarla evlənmək halaldır.