Peyğəmbərin doqquz yaşlı qızla evlənməsi doğrudurmu?

    31.03.2020
Kimdən: 
Aysel
Sual: 
Peyğember 9 yasli azyasli qizla evlenibmi?
Cavab: 

Əssələmu aleykum. İslam dini qadının evlilik yaşını onun həddi-büluğa yetməsi ilə müəyyən etmişdir. Uca Allah buyurur: "Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın" (ən-Nisa, 6).

Bu ayədə Uca Allah: "Yetimləri nikah yaşına çatanadək sınayın” - deyə buyurur. Təfsir alimi Mucahid demişdir: "Yəni həddi-büluğa çatana qədər". (İbn Kəsir, Əzəmətli Quranın təfsiri). Qızlarda həddi-büluğa çatmaq onların heyz olmaları ilə bilinir. Heyz olma yaşı qadının yaşadığı zamana, mühitə, aldığı qidaya görə fərqlənir. Günümüzdə şahid oluruq ki, müxtəlif ölkələrdə qadınların həddi-büluğa çatması eyni yaşa təsadüf etmir. Belə ki, bir ölkədə qadın 13 yaşında həddi-büluğa çatdığı halda, digər ölkədə bu yaş 20-yə çatır. Həmçinin bu, qadının təbiətindən və millətindən də asılıdır. İsti ölkələrdə soyuq iqlimli ölkələrdən fərqli olaraq qadınlar daha tez həddi büluğa çatır. Həmçinin zaman getdikcə insanların xilqətində naqisliyin əmələ gəlməsi də təsir göstərir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu xüsusda demişdir: "Allah Adəmi yaratdıqda uzunluğu altmış dirsək idi. Məlumunuz olsun ki, indiyə qədər insan­ların xilqəti na­qis­ləş­məkdədir". (əl-Buxari, 3326).

Yuxarıda qeyd olunanlar dəlalət edir ki, zaman keçdikcə müxtəlif amillərin təsiri ilə evlilik yaşı artıb azala bilər. Hətta bizim yaşadığımız dövrdə bəzi ailələrdə nənələrin 13-14 yaşında, hətta bundan da erkən yaşlarda ərə getdiklərini eşitmiş oluruq və bu yaş, o dövrdə yaşayan insanlar üçün qızın ərə getməsi üçün uyğun hesab olunurdu.

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Aişə (Allah ondan razı olsun) ilə evləndikdə onun doqquz yaşı vardı. Bu barədə Aişə (Allah ondan razı olsun) özü bildirərək demişdir: "Peyğəmbərlə evləndikdə mənim doqquz yaşım vardı". (əl-Buxari, 3894. Muslim, 1422). Bu yaş dövrü bizə görə kiçik sayılsa da, Aişə anamızın yaşadığı dövrdə ərə getmək üçün münasib sayılırdı və Aişə yaşadığı cəmiyyətin qayda-qanunlarına görə evlilik yaşına çatmış gənc bir qız idi. 

Həmçinin, əgər Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) Aişə ilə doqquz yaşında evliliyi, həqiqətən də, utancverici bir hadisə olsa idi, bunu hamıdan qabaq Peyğəmbərlə düşmən olanlar deyərdilər. Lakin Peyğəmbərlə (Allahın ona salavatı və salamı olsun) eyni dövrdə yaşayan və onun ən qatı düşmənləri olan bütpərəst müşriklər heç vaxt Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) qarşı bu iddianı irəli sürməmişdilər. Bu, danılmaz bir faktdır. Halbuki, həmin dövrdə yaşayan İslamın düşmənləri həmişə Peyğəmbərin qüsurlarını axtarıb üzə çıxarmağa çalışırdılar. Nəinki bütpərəstlər, hətta Peyğəmbərə nifrət və düşmənçilik edən yəhudi və xristianlar da ona qarşı belə iddia etməmişdilər.


Teqlər: 
Paylaş: