Duanın qəbul olması dedikdə nə nəzərdə tutulur?

    09.06.2020
Kimdən: 
Nazrin
Sual: 
Salam Aleyküm. Duanın qebul edilmesi istenilen bir şeyin verilmesi demekdir? Meselen bir şey istiyirik Rebbimden o duanı qebul edirse istediyimizi verir? Ya başqa?
Cavab: 

Aleykum salam. Uca Allah Quranda buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər". (əl-Bəqərə, 186). Uca Allahın duaları qəbul etməsini Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu hədisi açıqlayır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hansı bir müsəlman, tərkibində günah və qohumluq əlaqələrinin kəsil­məsi olmayan bir dua edərsə, (Allah) ona üç şeydən birini verər - ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da etdiyi dua qədər başına gələn bir müsibəti ondan uzaq edər". Səhabələr dedilər: "Elə isə duaları çoxaldaq!" (Allah Elçisi) dedi: "Allah daha çox verəndir!" (əl-Buxari "Ədəbul-Mufrad", 710). Bu hədisdən görünür ki, Uca Allahın qulun duasını qəbul etməsi bu üç şeydən biri ilə olur. Əgər duası onun üçün xeyirlidirsə, duada istədiyini ona verir. Çünki, bəzən duada istədiyimiz bizim üşün xeyirli olmaya bilər. Necə ki, Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Əgər xeyirli deyilsə, bu zaman Uca Allah ya etdiyimiz duanın qədərində bizdən şəri uzaqlaşdırır, ya da duanın savabını Qiyamət günü bizə verəcəkdir. Çünki, Uca Allah heç bir saleh əməli mükafatsız qoymur. Uca Allah buyurur: "Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır". (əz-Zəlzələ, 7).
Rəvayət olunur ki, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: "Mən duanın qəbul olunmaması üçün narahat deyiləm, məni narahat edən dua etməkdir. Əgər Allah mənə dua etmək ilham edilərsə, demək ki, Allah duamı qəbul etmək istəyir". 
Həmçinin, bəzən duanın qəbul olunmasına maneə qulun öz günahları və ya duanın qəbul olunmasına yəqin inanmaması kimi başqa səbəblər ola bilər. Dua və duanın qəbul olunmasının şərtləri və maneələri barədə ətraflı oxuyun: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: