Dinimizə görə məclislərdə oturuş qaydaları necədir?
Aleykum salam. Yəqin oturuş qaydaları dedikdə məclis ədəblərini nəzərdə tutursunuz. Dinimiz məclislərdə iştirak edib oturmağın ədəblərini bildirmişdir. Bu ədəblərdən bəzilərini qeyd edək:
1. Allah zikr edilən məclisdə oturmaq . Müsəlman daima Allaha xoş olan məclislərdə oturmağa çalışmalıdır. Allaha sevimli olan məclislər Onun zikr olunduğu, tərifləndiyi və Rəsulullah (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yad olunan məclislərdir. Belə məclisdə olan insan xeyir içərisində olar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Məclisdən Allahı zikr etməmiş qalxan camaat uzunqulaq leşi üzərindən qalxmış kimidir. Buna görə o məclis iştirakçıları peşman olacaqlar". (Əbu Davud, 4855; ət-Tirmizi, 3380).
2. Gözəl insanlarla oturub-durmaq. İnsanın həyatda atdığı addımların onun üçün nə dərəcədə əhəmiyyətli olması ətrafında olan kəslərdən çox asılıdır. Məhz buna görə də İslam dini yalnız gözəl əxlaqlı insanlarla oturub-durmağı məsləhət görmüşdür. Necə ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kişi öz dostunun dinindədir. Sizlərdən biriniz kiminlə oturub-durduğuna bir baxsın". (Əbu Davud, 4833; ət-Tirmizi, 2378; İmam Əhməd, 7968).
Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə pis dostla yaxşı dostun məsəlini çəkərək buyurur: "Yaxşı dostla pis dostun məsəli ətirsatanla körükvuranın məsəlinə bənzəyir. Ətirsatana gəlincə ya o, sənə ətir bağışlar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iy gəldiyini duyarsan. Körükvurana gəldikdə isə ya o, sənin paltarını yandırar, ya da ondan pis iy gəldiyini duyarsan". (Səhih əl-Buxari, 5534; Səhih Muslim, 2628; İmam Əhməd, 19127).
3. Məclisə daxil olduqda və çıxdıqda salam vermək. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizlərdən biriniz məclisə qoşularsa salam versin. Oturmaq istəsə, otursun. Ordan getmək istəsə yenədə salam versin. Bunların hər ikisi (məclisin) haqqıdır". (Əbu Davud, 5208; ət-Tirmizi, 2706). Uca Allah buyurur: "Sizə salam verəni daha yaxşı və ya eyni sözlə salamlayın! Həqiqətən, Allah hər şeyi hesaba alır". (ən-Nisa, 86).
4. Üzrlü səbəbə görə məclisi müvəqqəti olaraq tərk edənin yerində oturmamaq. Məclisdə müəyyən səbəblərə görə yerini qısa müddətə tərk edən kəsin yerində oturmaq ədəbdən kənar hesab olunur. Əgər məclidən çıxan kəsin qayıdıb-qayıtmayacağı məlum deyilsə, yaxud uzun müddətə gedirsə, onda onun yerində oturmaq eyb sayılmaz. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Sizlərdən biriniz (yerindən) qalxarsa..." Başqa bir rəvayətdə isə belə deyilir: "Oturduğu yerindən qalxan, sonra ora qayıdan kəs o yerə daha çox haqlıdır". (Səhih Muslim, 2179; Əbu Davud, 4853; İbn Macəh, 3717; İmam Əhməd, 7514).
5. Məclisə yeni gələnlərə yer vermək. Bu barədə Uca Allah mübarək kitabında belə buyurur: "Ey iman gətirənlər! Sizə: "Məclislərdə yer verin!" - deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: "Qalxın!" – deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Mucadələ surəsi, 11). Bu ədəb qaydası Allah tərəfindən qullarına əmr olunmuşdur. Yaşından, səlahiyyət və vəzifəsindən asılı olmayaraq məclisə yeni daxil olan kəsə məclis əhlindən bir nəfərin yer verməsi Uca Allaha xoş gələn əməldir.
6. İki nəfər arasında oturmamaq. Məclisə yeni daxil olan kəs iki nəfər arasında oturmamağa çalışmalıdır. Əgər iki nəfər buna etiraz etməzsə, bu davranış eyb sayılmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "(Yanaşı olan) iki nəfərin izni olmadan onları ayırmaq heç bir kəsə icazəli deyildir". (Əbu Davud, 4845; ət-Tirmizi, 2752; İmam Əhməd, 6950).
7. Qadağan olunmuş oturma tərzindən çəkinmək. Bir insanın yerdə sol əlini arxa tərəfə uzadaraq ona söykənməsi qadağan olunan oturuşlardandır. Əş-Şureyd ibn əs-Suveyd (Allah ondan razı olsun) rəvayət edərək buyurur: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənim yanımdan keçirdi, mən də bu cür - sol əlimi arxa tərəfə qoyub oturaraq ona dirsəklənmişdim. O (salləllahu aleyhi və səlləm), mənə dedi: "Qəzəbə düçar olmuşların oturuşu ilə oturmusan?!" (Əbu Davud 4848; İmam Əhməd, 18960).
Qadağan olunmuş digər bir hal isə yarı günəş, yarı kölgədə oturmaqdır. Bureydə (Allah ondan razı olsun) rəvayət edərək buyurur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) yarı kölgə, yarı günəşdə oturmağı qadağan etmişdir. (İbn Macəh 3790). Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunun səbəbini izah edərək belə demişdir: "Bu, şeytan oturuşudur". (Silsilə əs-Sahihə 838).