İbn Qeyyimin "Mədəricus-Səlikin" və "İğasətul Ləhfən" kitablarını alıb oxumaq olarmı?
Aleykum salam. İbn Qeyyim əl-Covziyənin "Mədəricus-Səlikin" kitabı əslində Əbu İsmail Abdullah əl-Həravinin (396-481 hicri) "Mənəzilus-Səirin" kitabına verdiyi şərhdir. Kitabın məzmunu əl-Fatihə surəsinin şərhidir. İbn Qeyyim (Allah ona rəhmət etsin) bu kitabda insanın Rəbbinə doğru gedərkən keçdiyi mərhələlərdən danışır və ümumilikdə yüz mərhələni qeyd etmişdir. Məsələn birinci mərhələ insanın qəlbinin qəflətdən oyanmasıdır. İkinci mərhələ isə qəlbin Allaha doğru yönəlməsini qətiliklə əzm etməsidir. Sonra qorxu, tövbə, ümid və ixlas mərhələlərindən danışır. Bu kitabında o, bir çox yerlərdə müəllimi İbn Teymiyyəni çox xatırlayır və bir çox məsələlərdə onun rəylərinə əsaslanır.
Sualda qeyd etdiyiniz ikinci kitab "İğasətul Ləhfən" bu kitab da İbn Qeyyimin yazdığı kitablardandır. Bu kitabda da müəllif qəlbi xəstəliklərdən və onun müalicəsindən, şeytanın insanı azdırmaq üçün istifadə etdiyi hiylələrdən və bu hiylələrə düşməmək üçün yollardan danışır. Bu kitabların hər ikisini alıb oxumaq olar. Təəssüf ki, türk dilində tərcümə ilə bağlı məlumatımız yoxdur.